MİLLİ MƏCLİSİN AQRAR SİYASƏT DAİMİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 18-də Milli Məclisin aqrar siyasət daimi komissiyasının iclası keçirilmişdir.
Komissiyanın sədri Eldar İbrahimov 2007-ci il payız sessiyasının qanunvericilik işlərinin planı barədə danışaraq demişdir ki, iş planına “Dövlət torpaqları haqqında”, “Damazlıq heyvandarlıq haqqında” və “Ekoloji kənd təsərrüfatı istehsalı haqqında” qanun layihələrinin hazırlanması daxil edilmişdir. Bundan başqa, ölkəmizin Prezidentinin və digər üst qurumların qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdikləri qanun layihələrinə də komissiyada münasibət bildiriləcəkdir.
Sonra Milli Məclis Aparatının aqrar qanunvericilik sektorunun müdiri Ş. Kərimov “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazış layihəsi barədə məlumat vermişdir. Bildirmişdir ki, bu sənəd ölkələrimiz arasında təkcə baytarlıq sahəsində deyil, digər sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərəcəkdir.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsi də deputatlar tərəfindən müsbət qarşılanmışdır. Bildirilmişdir ki, hər iki sənəd Azərbaycanın milli maraqlarına xidmət edəcəkdir.
İclasda həmçinin, “Meliorasiya və irriqasiya haqqında” Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihələrinə baxılmışdır.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.