MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYASINDA CƏNUBİ QAFQAZDA SİYASİ SABİTLİYİN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
S.Seyidov ölkəmizin Avropa Şurasının Parlament Assambleyası ilə sıx əməkdaşlığından, başçılıq etdiyi nümayəndə heyətinin bu beynəlxalq qurumla əlaqələrindən söz açdı. O, həmçinin Azərbaycanın Böyük Britaniya, habelə digər Qərb dövlətləri ilə əlaqələrinin qarşılıqlı maraq prinsipinə uyğun inkişaf etdiyini söylədi.
Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti məsələsinə toxunan komissiyanın sədri Terri Devisin, - indi o AŞPA-nın baş katibidir, - bir neçə gün bundan əvvəl Parisdə bu beynəlxalq quruma təqdim etdiyi məruzəsi ilə əlaqədar dedi ki, həmin sənəd Azərbaycan tərəfini tam razı salmasa da, ümumən onu müsbət dəyərləndirmək olar.
Söhbət zamanı bildirildi ki, bu münaqişə üzrə təyin olunmuş yeni məruzəçi Devid Atkinson Böyük Britaniyanın nümayəndəsidir. O, həm də AŞPA-da demokratik qrupun rəhbəridir.
Bölgədə vəziyyətin qeyri-sabit olduğunu bildirən S.Seyidov yeni məruzəçinin gələcək fəaliyyətinə ümüdlə baxdığını söylədi.
Cənab Brayan Fal dedi ki, Azərbaycan Cənubi Qafqazda dinamik inkişaf edən ölkədir. Xüsusilə neft sektorunda əldə olunan nəticələr sevindiricidir. O, münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirdi. Qonaq dedi ki, Azərbaycan, onun paytaxtı Bakı şəhəri Cənubi Qafqazda regional mərkəzə çevrilmişdir. Bu, yaxşı haldır. Bu, bölgədə sabitliyin möhkəmləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün zəruridir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulmuşdur.