Milli Məclisin deputatı: Azərbaycan ilə Gürcüstan bir-birinin dərdinə şərikdir
Tbilisi, 25 fevral, AZƏRTAC
Gürcüstana səfərin əsas məqsədi Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etməkdir. Səfər çərçivəsində Gürcüstan parlamentində, Tbilisi Dövlət Universitetində bir sıra görüşlər də keçirdik. İkitərəfli münasibətlərimizin inkişafı, parlamentlərarası əlaqələr, eləcə də Xocalı soyqırımı ilə bağlı məsələləri müzakirə etdik. Gürcü həmkarlarımızın dəstəyini hiss etdik. Bu, bir daha sübut edir ki, biz dost və qardaş ölkələrik, bir-birimizin dərdinə şərikik. İndi bizim bir məqsədimiz var - torpaqlarımızı işğaldan azad edək.
Bu sözləri Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı Elman Məmmədov jurnalistlərə müsahibəsində deyib.
Milli Məclisin deputatı Elman Məmmədov, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov fevralın 25-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini də ziyarət edib, önünə gül dəstələri düzüblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi