Milli Məclisin deputatları Masallıda şəhid mayor Anar Novruzovun məzarını ziyarət ediblər
Masallı, 18 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 18-də Milli Məclisin bir qrup deputatı Masallı rayonunun Ərkivan qəsəbəsində Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun məzarını ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar - Məşhur Məmmədov, Soltan Məmmədov, Elnur Allahverdiyev, Müşfiq İskəndərov, Şahin Seyidzadə, Anar İsgəndərov, Rüfət Quliyev və Razi Nurullayev şəhid hərbçilərimizin məzarı önünə əklil qoyub, şəhid hərbçinin ruhuna dualar oxuyublar.
Milli Məclisin sədr müavini Fəzail İbrahimli mayor Anar Novruzovun döyüş şücaətindən danışaraq, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edib, xatirə lövhəsinə ürək sözlərini yazıb.
Daha sonra deputatlar şəhidin evinə baş çəkərək, ailə üzvləri ilə görüşüblər. Görüşdə şəhidin həyat yoldaşı, qardaşları, övladları iştirak ediblər.
Şəhid Anar Novruzovun ailə üzvləri bildirib ki, onu itirmək nə qədər çətin olsa da, bir o qədər şərəflidir, çünki Anar Vətən uğrunda şəhid olub.
Milli Məclisin üzvləri ailənin problemləri ilə maraqlanaraq, Azərbaycan dövlətinin hər zaman onların yanında olacaqlarını, onlara hər cür dəstək göstərəcəyini bəyan ediblər.