Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilmişdir
Bakı, 3 iyun (AZƏRTAC, Aidə Quluzadə). İyunun 3-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən təqdim olunmuş “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri müzakirə edilmişdir.
Müzakirələr zamanı məlumat verilmişdir ki, qanuna edilən dəyişikliklərə görə, məhkəmələrdə yalnız təqsirliliyi müəyyən etmək hüququ olan andlı iclasçılar ləğv edilir. Məhkəmələr və hakimlər haqqında” qanunun bütövlüklə andlı iclasçılara aid XXI fəsli ləğv olunur.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdir ki, Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən təqdim olunan qanun layihələri Məhkəmə-Hüquq Şurasının iclasında da müzakirəyə çıxarılmışdır.
Baş Prokurorluq tərəfindən təqdim olunan qanun layihəsi haqqında məlumat verən Baş Prokurorluğun idarə rəisi İlqar Cəfərov qeyd etmişdir ki, təklif olunan dəyişikliklərə əsasən “Məhkəmələr və hakimlər haqqında” qanunun 4-cü maddəsinin 2-ci hissəsindən “yaxud andlı iclasçılardan ibarət tərkibdə” sözlərinin çıxarılması təklif edilir. O vurğulamışdır ki, Baş Prokurorluq tərəfindən bir sıra ölkələrin andlılar məhkəməsi ilə bağlı təcrübəsi öyrənilmişdir. Nəticə göstərir ki, bu sistem ədalət məhkəməsinin təmin olunması üçün gözlənilən səmərəni vermir. Hazırda bir çox ölkələr bundan imtina etmişdir.
Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən tərkibində 12 və daha çox hakim olan ağır cinayətlər məhkəməsində sədr müavini vəzifəsi təsis olunacaqdır. Birinci instansiya məhkəmələrin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınacaqdır.
Həmçinin dəyişikliklərə əsasən hakimlərin işdən azad olunması ilə bağlı müddəalara da dəyişikliklər edilməsi təklif edilmişdir. Belə ki, hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq bu qanunun 93-3-cü maddəsinin 7-ci hissəsində nəzərdə tutulan orqanlarda işləyən şəxs həmin maddədə nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında müsahibədən keçirilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin oluna bilər. Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir. Hakimin fəaliyyəti dövründə onun əmək haqqının məbləği aşağı salına bilməz. Bundan başqa, qanuna görə, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən ediləcəkdir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hakimə müvafiq dərəcədən əlillik qrupu müəyyən edilməklə o, ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilir.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.