Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Əvvəlcə, iclasın 15 bənddən ibarət gündəliyi təsdiqlənib. Sonra gündəlikdəki məsələlərə baxılıb.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun layihəsini ikinci oxunuşda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib. Bildirilib ki, qanun layihəsinin birinci oxunuşu zamanı deputatlar müsbət fikirlər söyləyib, konseptual baxımdan sənədi dəstəkləyiblər. Bununla yanaşı, layihəyə bir sıra təkliflər də irəli sürülüb. Verilən təkliflər qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edilib və onların bəziləri qanunun qəbulundan sonra onun tətbiqi ilə bağlı qəbul ediləcək direktiv sənədlərdə öz əksini tapacaq. Qeyd edilib ki, ötən gün qanun layihəsi 4 komitənin birgə iclasında ikinci oxunuşda geniş müzakirə olunub və yekdilliklə dəstəklənib. Qanunun qəbulu Prezident tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş qədim Şuşa şəhərinin qorunmasına, bərpasına, inkişafına və təbliğinə töhfə verəcək.

Qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini; Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni; abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini; ətraf mühitin mühafizəsini; Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini; nəqliyyatın təşkilini; sahibkarlıq, reklam, turizm kimi fəaliyyətləri; həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

Müzakirələr zamanı komitə sədri Tahir Rzayev, deputatlardan Vahid Əhmədov, Aydın Mirzəzadə, Jalə Əliyeva, Erkin Qədirli, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Sahib Alıyev Şuşanın tarixindən, onun ölkənin siyasi və mədəni həyatında oynadığı roldan bəhs edib, bir sıra təkliflər səsləndiriblər. Deputatlar qanun layihəsini yüksək dəyərləndiriblər.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların çıxışlarında səslənən bir sıra məsələlərə aydınlıq gətirib. Komitə sədrləri Qənirə Paşayeva və Siyavuş Novruzov deputatların toxunduğu bəzi məqamlara münasibət bildiriblər.

Müzakirələrin sonunda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsidir. Layihə birinci oxunuşda müzakirə ediləcək. Spiker qeyd edib ki, “Büdcə sistemi haqqında” Qanunda müəyyənləşdirilmiş qaydaya uyğun olaraq qanun layihəsi mayın 15-dək Milli Məclisə təqdim edilib. Eləcə də, Hesablama Palatasının rəyi vaxtında hazırlanıb Milli Məclisə təqdim olunub.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili birinci oxunuşda məlumat verib. Bildirilib ki, 2020-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, COVID-19 pandemiyasının və Vətən müharibəsinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla çevik formada icra edilib.

Komitə sədri deyib ki, 2020-ci il, hər şeydən əvvəl, Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə işğal altında olan ərazilərin Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbə ili kimi həkk olunub. 2020-ci ilin əvvəlindən başlayaraq dünyada COVID-19 pandemiyasının sürətlə yayılması iqtisadi fəallığın zəifləməsinə səbəb olub. Dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması iqtisadi böhranın əhatəliyini və kəskinliyini daha da artırıb. Pandemiyanın Azərbaycan iqtisadiyyatına mümkün mənfi təsirlərinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatının daha kəskin enişinin qarşısı alınıb.

Məlumat verilib ki, 2020-ci ildə ölkəmizdə Ümumi Daxili Məhsul (ÜDM) real ifadədə 4,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə əlavə dəyər istehsalı 2,6 faiz, neft sektorunda isə 7,0 faiz azalıb. Lakin qeyri-neft ÜDM-in tərkibində aparıcı rola malik kənd təsərrüfatı üzrə 1,9 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 4,6 faiz, informasiya-rabitə sektoru üzrə 0,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı üzrə isə 12,5 faiz artım müşahidə olunub. Həmçinin 2020-ci ildə ölkəmizdə inflyasiyanın səviyyəsi 2,8 faiz, neftin bir barelinin orta illik qiyməti isə 43,7 dollar təşkil edib. COVID-19 pandemiyası ilə mübarizə və onun fəsadlarının aradan qaldırılması büdcənin icrasına da təsir göstərərək, sosial məzmunlu xərclərin yüksəldilməsini labüd edib. Bununla yanaşı, müharibə şəraiti, döyüşün maliyyələşməsi, şəhid ailələrinə, əsgər və zabitlərə qayğının artırılması, işğaldan azad olan ərazilərin bərpası dövlət büdcəsinin icrasında mühüm hədəflərdən olub.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24124,0 milyon manat proqnoza qarşı 24681,7 milyon manat təşkil edib. Proqnozla müqayisədə 557,7 milyon manat və ya 2,3 faiz çox icra olunub. 2020-ci il dövlət büdcəsinin xərcləri 27492,2 milyon manat proqnoza qarşı 26416,3 milyon manat və ya 96,1 faiz az icra edilib. Bildirilib ki, sosialyönümlü xərclərin 2020-ci il dövlət büdcəsində icrası xərclərin 36,5 faizi və ya 9654,2 milyon manat həcmində olub. Ümumiyyətlə, son 5 ildə sosialyönümlü xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi natural ifadədə 3,5 milyard manat və ya 1,6 dəfə artıb. Hesabat ilində dövlət büdcəsindən 1,7 milyard manatlıq səhiyyə xərclərinin icrası təmin olunub. İcbari Tibbi Sığortanın fəaliyyətini təmin etmək məqsədilə dövlət büdcəsindən 950 milyon manat vəsaitin icrası təmin edilib. Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri üçün 2 milyard manata yaxın vəsaitin icrası təmin olunub. Bu vəsaitdən sahibkarların dəstəkləməsi üçün 460 milyon, əhaliyə birdəfəlik ödəniş üçün isə 450 milyon manat icra edilib. Qeyd olunub ki, 2020-ci ilin dövlət büdcəsində 1 734,6 milyon manat məbləğində kəsir (defisit) yaranıb və bu proqnoza nisbətən 1 633,6 milyon manat və ya 2 dəfəyə yaxın azdır.

Çıxışının sonunda Tahir Mirkişili qeyd edib ki, 2020-ci il üçün dövlət büdcəsinin icrası əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, Vətən müharibəsində qələbənin təmin olunması, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, COVID-19 pandemiyası ilə mübarizə və iqtisadi subyektlərin dəstəklənməsində müsbət rol oynayıb.

Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin ən müasir döyüş strategiyasının tətbiqi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı Ermənistan üzərində parlaq Qələbə qazanılıb, 30 ilə yaxın davam edən işğala son qoyulub, torpaqlarımızın azad olunması təmin edilib, ölkəmizin və Qarabağın həyatında yeni şərəfli səhifə açılıb. Bununla yanaşı, ötən ilin əvvəlindən başlayaraq ölkə iqtisadiyyatı ağır sınağa çəkilərək, iki xarici şokla üzləşib. Bu, ilk növbədə, koronavirus pandemiyası ilə bağlı problemlər və iqtisadiyyatın yeni reallıqlara uyğunlaşması, digər tərəfdən isə dünya bazarında xam neftə tələbatın azalması və bunun nəticəsində neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsidir. Bu proseslər ölkə iqtisadiyyatına mənfi təsir göstərməklə, illik Ümumi Daxili Məhsulun azalmasını şərtləndirib, dövlət və icmal büdcələrinin gəlirlərinin formalaşmasında, eyni zamanda, dövlət büdcəsinin xərclərində əhəmiyyətli dəyişikliyin aparılmasını zəruri edib.

Qeyd edilib ki, pandemiyanın yaratdığı keyfiyyətcə yeni mühit əhalinin həssas sosial qruplarına, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə, səhiyyə sahəsinə, dövlət şirkətlərinə dövlətin maliyyə dəstəyinin göstərilməsini zəruri edib. Ölkə Prezidentinin tapşırığına əsasən, hökumət tərəfindən kompleks sosial-iqtisadi tədbirlər proqramı hazırlanıb və icrasına başlanıb. Bunları nəzərə alaraq, dövlət və icmal büdcələrinin prioritetliyi və ünvanlılığı artırılmaqla həyata keçirilib. Hesabat ilində bütün sosial öhdəliklərin vaxtında və tam həcmdə yerinə yetirilməsi ilə yanaşı, yeni yaranmış reallıqlara müvafiq olaraq pandemiya şəraitində işləyən tibb işçilərinə xüsusi əlavələr ödənilib, pandemiyadan zərər çəkən sahələrin dəstəklənməsi nəticəsində, pandemiyanın ölkə iqtisadiyyatına, əhalinin sağlamlığına və sosial-iqtisadi vəziyyətinə təsirinin endirilməsinə nail olunub. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində də məqsədyönlü iş aparılıb.

Nazir öz çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisadiyyatın idarə olunması istiqamətində atdığı çevik addımlar, həyata keçirilən qabaqlayıcı və tənzimləyici tədbirlər, habelə əvvəlki illərdə ölkəmizdə yaradılmış maliyyə ehtiyatlarından istifadə edilməsi dünya iqtisadiyyatında baş verən proseslərin ölkə iqtisadiyyatında yarada biləcək mənfi təsirlərin əhəmiyyətli dərəcədə neytrallaşdırılmasına imkan verib. Eyni zamanda, manitar və fiskal siyasətin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəticəsində manatın sabitliyi qorunub.

Qeyd edilib ki, Azərbaycan dövlətinin pandemiya ilə mübarizə istiqamətində ötən il ərzində gördüyü tədbirlər beynəlxalq maliyyə qurumları tərəfindən də izlənilib. Belə ki, Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin COVID-19 pandemiyasına qarşı həyata keçirdiyi mübarizə tədbirlərinin, o cümlədən xəstəliyin yayılma surətinin azaldılması və insanların sağlamlığının qorunması ilə bağlı səhiyyə və iqtisadiyyat sahələrinə verdiyi dəstəyin, ölkənin həssas qrupuna aid vətəndaşlara verilən yardımın mühüm rolunu vurğulayıb.

Bildirilib ki, ötən il ərzində dövlət büdcəsinin xərclərinin kəskin optimallaşması həyata keçirilib və nəticədə bir sıra sahələrdə xərclərin kifayət qədər azaldılmasına nail olunub. Ümumiyyətlə, dövlət büdcəsinin xərclərinin icrası 96,1 faiz təşkil edib, 1 milyard 75 milyon vəsait istifadə olunmayıb. Strukturuna görə, xərclərin 16 milyard 657 milyon manatı və yaxud 61,1 faizi cari xərclərə, 8 milyard 33 milyon manat və yaxud 30,4 faiz əsaslı xərclərə, 1 milyard 726 milyon manat və yaxud 6,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. 2020-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərcləri 33,3 faiz və yaxud 8 milyard 805 milyon manat təşkil edib. COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə dair proqramın icrasına 1 milyard 970 milyon manat vəsait istifadə olunub. Burada səhiyyə tədbirləri üzrə xərclər 613 milyon manat təşkil edib. İqtisadi sferada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə xərclərə 813 milyon manat vəsait yönəldilib. Əhalinin sosial baxımdan həssas qruplarına ödənişlər və digər sosial tədbirlər çərçivəsində 505 milyon manat vəsait ayrılıb. Bu tədbirlərlə yanaşı, Azərbaycan dövləti koronovirusla mübarizə sahəsində beynəlxalq səviyyəli tədbirlərdə də fəal iştirak edib. Ölkə Prezidentinin tapşırığı ilə dövlətimiz tərəfindən beynəlxalq təşkilatlara və xarici ölkələrə yardım məqsədilə 39 milyon manat məbləğində vəsait ödənilib. Büdcənin icrası ilə bağlı bir sıra digər statistik rəqəmlər də səsləndirilib.

Çıxışının yekununda maliyyə naziri Samir Şərifov bildirib ki, pandemiyanın mənfi təsirləri ilə əlaqədar sosial-iqtisadi baxımdan ağır keçən 2020-ci ildə ölkəmizin üzləşdiyi çağırışlara müvafiq olaraq Azərbaycan Prezidentinin rəhbərliyi ilə çevik sosial-iqtisadi tədbirlər həyata keçirilməklə ölkədə makro-iqtisadi sabitlik qorunub, maliyyə dayanıqlığı təmin edilib, qarşıya qoyulan vəzifələrin sabit maliyyələşməsinə nail olunub.

Sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyi təqdim edilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsinin və hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, büdcə parametrlərinin doğruluğunun və tamlığının qiymətləndirilməsi, icra olunmuş büdcə parametrlərinin təsdiq olunmuş göstəricilərə uyğunluğu, büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olması barədə fikirlərini açıqlayıb. Dövlət büdcəsinin icrası ilə bağlı Palatanın apardığı təhlillər barədə geniş məlumat verilib.

Müzakirələr zamanı çıxış edən komitə sədrləri Qənirə Paşayeva, Musa Quliyev, deputatlardan Tahir Kərimli, Mahir Abbaszadə məsələ ilə bağlı fikirlərini söylədikdən sonra fasilə elan edilib.

Fasilədən sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirələri davam etdirilib. Komitə sədri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Elnur Allahverdiyev, Elman Nəsirov, Soltan Məmmədov, Azər Badamov, Fəzail Ağamalı dövlət büdcəsinin gəlir və xərcləri barədə öz fikirlərini açıqlayıblar, onun icrasını yüksək qiymətləndiriblər.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Maliyyə naziri Samir Şərifov aparılan səmərəli müzakirələrə görə təşəkkürünü ifadə edib, millət vəkillərinin səsləndirdiyi sualları ətraflı cavablandırıb.

İclasda Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 9 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Layihə ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası, sığorta fəaliyyətinin tənzimlənməsi və ona nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı çıxış edib. Sənəddə satınalma prosesində operativlik, çeviklik və əlçatanlıq səviyyəsinin yüksəldilməsi, elektron satınalmanın əhatə dairəsinin genişləndirilməsi, kotirovka sorğusu prosedurunun elektronlaşması, dövlət satınalmaları üzrə prosedurların təkmilləşdirilməsi, bu sahədə şəffaflığın və səmərəliliyin artması, elektron üsulla keçirilən satınalmaların sayının artması, nəzarət imkanlarının genişləndirilməsi nəzərdə tutulub.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə üçüncü oxunuşda məlumat verib. Bildirilib ki, Məcəllədə ediləcək dəyişiklik “Dövlət satınalmaları haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda təqdim edərək bildirib ki, sənəd tibbi xidmətlər üçün müraciət edən şəxslərin dəstəklənməsinə, onların tibb müəssisəsinə müraciət imkanlarının artırılmasına xidmət edəcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Növbəti məsələ - “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı deputat Arzu Nağıyev çıxış edib. Sənəddə qanunun təsir dairəsində olan ictimai münasibətlərin dəqiq tənzimlənməsi və təkmilləşdirilməsi məqsədilə bir sıra düzəlişlər təklif olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Arzu Nağıyev gündəliyin mahiyyətcə bir-birinə yaxın olan digər iki məsələsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliklər Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslər üçün nəzərdə tutulmuş imtiyazlarla bağlıdır.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda diqqətə çatdırıb. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını təsbit edən mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanmış layihədə bu sahədə nəzarətin və şəffaflığın artırılması nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Qeyd olunub ki, adı çəkilən qanunlara təklif edilən dəyişikliyə birinci və ikinci oxunuşda müsbət münasibət bildirilib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, sənədin birinci oxunuşu zamanı deputatlar bir sıra təkliflər irəli sürüblər. Həmin təkliflər gələcəkdə qanunun tətbiqi zamanı hökumət tərəfindən hazırlanacaq normativ-hüquqi aktlarda nəzərə alınacaq.

Beş fəsil, 20 maddədən ibarət olan qanun elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Naqif Həmzəyev öz fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin digər məsələsi - “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov ikinci oxunuşda məlumat verib. Deputat birinci oxunuşda verilən təkliflərin araşdırıldığını deyib və bununla bağlı ətraflı izahat verib.

Layihədə təklif edilən dəyişikliklər dövlət qulluğu sistemində idarəetmənin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi və onların fəaliyyətində səmərəliliyin artırılması, dövlət orqanı rəhbərinin Dövlət İmtahan Mərkəzindən kənar dövlət qulluğuna qəbul edə biləcəyi dövlət qulluğu vəzifələrinin dairəsinin müəyyən edilməsi və digər mühüm məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Deputatlar Qüdrət Həsənquliyev, Afət Həsənova, Etibar Əliyev sənəd barədə öz fikirlərini açıqlayıblar. Kamal Cəfərov səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov birinci oxunuşda təqdim edib. Bildirilib ki, sənəd kredit ittifaqının hər bir borcalanı haqqında məlumatın kredit bürosuna və Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməsini nəzərdə tutur. Qanuna təklif olunan yeni 15-1-ci maddə mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsini tənzimləyir. Əlavəyə əsasən, kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir. Qeyd olunur ki, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında" Qanunla tənzimlənir.

Komitə sədri Siyavuş Novruzov, deputatlar Aydın Hüseynov, Məlahət İbrahimqızı, Vüqar Bayramov, Fəzail Ağamalı, Tahir Kərimli sənəd barədə öz fikirlərini söyləyiblər.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışlarda səslənən bəzi məqamlar barədə aydınlıq gətirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, bu sənəd “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə ilə birbaşa bağlıdır. Təklif olunan dəyişikliklər bank və ya bank olmayan kredit təşkilatı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna, eləcə də Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məlumatların müəyyən olunmuş qaydada və müddətdə təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Milli Məclisin Sədri Sahibə Qafarova iclasın sonunda çıxış edib.

Spiker bildirib ki, sabah - may ayının 28-də xalqımız Respublika Gününü qeyd edəcək. 103 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun gerçəkləşməsi idi. Demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərmiş, təkcə ölkəmizin deyil, bütün müsəlman Şərqinin siyasi təkamülündə mühüm rol oynamışdır.

Sədr qeyd edib ki, bugünkü Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin varisidir. İnamla söyləmək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələr Azərbaycan dövlətinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ən böyük problemi həll edilib, ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycana qarşı ərazi iddiasına düşənlərə layiq olduqları yer göstərilib.

Sahibə Qafarova vurğulayıb ki, bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli dövlətdir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində qələbədən qələbəyə addımlayan Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında yerini qoruyub saxlayacaq və daha da inkişaf edəcəkdir.

Milli Məclisin Sədri deyib: “Hörmətli həmkarlar, Respublika günü münasibəti ilə mən sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm! Eyni zamanda, təklif edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq”.

Spikerin bu fikirləri deputatlar tərəfindən razılıqla və alqışlarla qarşılanıb.

Sonra Sahibə Qafarova parlamentin fəaliyyətini işıqlandıran media nümayəndələrini bayram münasibətilə təbrik edib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram