MİLLİ MƏCLİSİN SƏDRİ OQTAY ƏSƏDOVUN LATVİYAYA SƏFƏRİ DAVAM EDİR
Milli Məclisin mətbuat katibi Akif Nəsirov AZƏRTAC-a bildirmişdir ki, Oqtay Əsədovun bu ölkəyə səfəri yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Riqa hava limanında Milli Məclisin sədri Oqtay Əsədov Rusiyanın ORT-1 kanalının Baltika nümayəndəliyinin və Latviyanın nüfuzlu VİA SAT-3+ televiziyasının müxbirlərinə müsahibə vermişdir.
Milli Məclisin sədri jurnalistlərin Azərbaycan-Latviya münasibətlərinin inkişaf perspektivləri, iqtisadi, parlamentlərarası əlaqələrin genişləndirilməsi və digər məsələlərlə bağlı suallarını cavablandırmışdır.
Həmin gün Oqtay Əsədov Latviya parlamentinin sədri xanım İnqrida Udre ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasındakı münasibətlər, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan-Latviya əlaqələrinin hərtərəfli inkişafı üçün geniş imkanlar vardır. Bu imkanlardan lazımınca istifadə olunmasında parlamentlərimiz də mühüm rol oynaya bilər.
Görüşdə Latviyanın beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dəstəkləməsi yüksək qiymətləndirilmiş, bu cür səfərlərin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun sədri Gültəkin Hacıyeva və Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov görüşdə iştirak etmişlər.
Səfər davam edir.