Milli parklarımızdan qış mənzərələri
Bakı, 23 mart, AZƏRTAC
Milli parklarımızda son günlərin qarlı mənzərələri baharın gəlişi fonunda fərqli əhvali-ruhiyyə yaradıb. Şahdağ, Göygöl, Hirkan, Altıağac milli parklarının ağappaq örtüyü gecikmiş də olsa, bizi təbiətimizin həzin qış nağılına qovuşdurub.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
Xidmət rəsmisinin sözlərinə görə, baharın ilk əlamətlərini özündə təcəssüm etdirən Novruz bayramı ərəfəsində bu il milli parklarımızın bir neçəsi ağ örpəyə bürünüb. Baxmayaraq ki, hər ilin bu dövründə yalnız Şahdağ Milli Parkının yüksək dağlıq ərazilərində qar örtüyü müşahidə olunurdu: “Bu il Göygöl, Hirkan və Altıağac Milli parklarının ərazisində də qış dövrünə xarakterik olan qarlı mənzərələr müşahidə etmək mümkündür. Daha maraqlı tərəfi də odur ki, bu dövrə xarakterik olmayan miqdarda qar yağsa da, qar örtüyünün altından bitkilərin çiçəkləməsi müşahidə olunur. Təsadüfi deyil ki, son günlərdə həmin milli parkların ərazisində qarın yağması ilə bağlı turistlərin sayında xeyli artım müşahidə olunur”.