Milli Qəhrəman haqqında sənədli film - “Vətən övladı”
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Milli Qəhrəman Tahir Həsənov haqqında çəkilmiş “Vətən övladı” sənədli filminin təqdimatı olub. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi” İctimai Birliyi (İB) tərəfindən ekranlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri İB-nin sədri, Tahir Həsənovun anası Qalibə Budaqovadır.
Filmdə Tahir Həsənovun rolunu müğənni Azad Şabanov canlandırıb. Ekran işində Milli Qəhrəman barədə döyüşçü dostları, məktəb yoldaşları və ailə üzvləri xatirələrini bölüşüblər.
Səhnələşdirilmiş hissələr Tahir Həsənovun vaxtilə təhsil aldığı, bu gün onun adını daşıyan 23 nömrəli orta məktəbdə aparılıb.