Milli Təhlükəsizlik Nazirliyi tərəfindən İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınmışdır
Bakı, 1 oktyabr (AZƏRTAC). Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, ümumilikdə, 13 kiloqramdan artıq narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınmış, bu hüquqazidd əməllərin törədilməsinə görə 18 nəfər, o cümlədən Azərbaycan Respublikasının 16, Rusiya Federasiyasının 1 və Ukraynanın 1 vətəndaşı şübhəli şəxs qismində tutulmuşlar.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 9 kiloqrama yaxın tiryək, 2 kiloqram 564 qram həşiş, 720 qram heroin və təxminən 900 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Bütün faktlarla bağlı cinayət işləri başlanılmış, Rusiya Federasiyasının vətəndaşı Qəhrəman Arif oğlu Quliyev, Ukrayna vətəndaşı Asim Mirfeyruz oğlu Ağayev, Azərbaycan Respublikasının vətəndaşları - Aslan Bayraməli oğlu Nəzərov, İlqar Mirzəli oğlu İskəndərov, Samir Ağamoğlan oğlu Nuriyev, Emil Arzuman oğlu Kərimov, Rasim Mirfeyruz oğlu Ağayev, Əmir İsa oğlu Abdullayev, İlham Əmir oğlu Əliyev, Rəşid Rəşid oğlu Nağıyev, Namiq Kərəm oğlu Abdullayev, Novruz Məmməd oğlu Məmmədov, Amil Ələkbər oğlu Baxşiyev, Fuad Faiq oğlu Səlimov, Nazim Əsmətəli oğlu Ağayev, Rövşən Surəddin oğlu Tağıyev, Vüqar Həmzə oğlu Tağıyev və Bayram Sarastan oğlu Xalıqov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Amil Baxşiyevin kirayə yaşadığı Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki mənzilinə keçirilmiş baxış nəticəsində, həmçinin 1 ədəd “Makarov” tipli tapança, həmin odlu silaha aid 5 patron və 1 daraq da aşkar edilmişdir.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.