İDMAN
Millimizin futzalçısı Eduardo Borges: Slovakiya yığması ilə qarşılaşmada şanslarımız bərabərdir
![Millimizin futzalçısı Eduardo Borges: Slovakiya yığması ilə qarşılaşmada şanslarımız bərabərdir](/files/2021/1/1200x630/16176343843358162704_1200x630.jpg)
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 8-də səfərdə futzal üzrə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi məşqlərini Bakıda davam etdirir. Gündə bir dəfə məşq keçən komandanın üzvləri Bolinha və Eduardo Borges də hazırlığa qoşulub.
AZƏRTAC xəbər verir ki, Eduardo Borges hazırlıq və oyunla bağlı deyib: “Komanda ilə birgə ilk məşqimə çıxdım. Bir qədər çətin oldu. Ancaq sabah daha rahat şəkildə məşq edəcəyəm. Məşq prosesi bizim üçün yaxşı alınmadı. İki oyunçumuz zədələndi. Bu da oyunçuların istəkli, özlərini baş məşqçiyə yaxşı tərəfdən göstərmək istəyindən irəli gəlirdi. Onların bizə kömək edib-etməyəcəyi sabah məlum olacaq. Ümid edirəm ki, hər şey yaxşı olar və hər iki futzalçı bizimlə birgə səfərə yollanar”.
Futzalçı Qalonun komandaya qoşulmasından sonra daha da güclənəcəklərini, itkilərin isə komandaya çətinlik yaradacağını qeyd edib. Müdafiəçi Slovakiya ilə qarşılaşmada şansların bərabər olduğunu da vurğulayıb: “Şanslar bərabərdir. Biz qələbə qazansaq, liderliyimizi təmin edəcəyik. Elə səfərə də bu məqsədlə yollanacağıq. İstəyimizi reallaşdıracağımıza inanırıq”.
Eduardo birinci pilləni təmin etmək üçün Slovakiya ilə görüşdə 1 xalın kifayət edəcəyini, amma meydana sırf heç-heçə üçün çıxmayacaqlarını deyib. Qeyd edib ki, Slovakiya ilə görüşdə heç-heçə də bizə məqsədimizi reallaşdırmağa yetir. Ancaq meydana heç vaxt heç-heçə üçün çıxmamışıq. Bizə iki oyundan 6 xal lazımdır. Onda əhval-ruhiyyəmiz yüksək olacaq. İndi UEFA-nın tərtib etdiyi reytinq cədvəlində 5-ci pillədə qərarlaşmışıq. Qələbələr qazanmalıyıq ki, xal ehtiyatımızı artıraq. Əks təqdirdə, hamımız əsəbi, gərgin olacağıq”.