“MilliNet” müsabiqəsinə 13 nominasiya üzrə 100-dən çox resurs təqdim edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanın Milli İnternet Mükafatı - “MilliNet” uğrunda yarışma davam edir. İndiyədək müsabiqəyə 13 nominasiya üzrə 100-dən çox resurs təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat verib.
Osman Gündüz qeyd edib ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “MilliNet” müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan internetinin və informasiya texnologiyalarının inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqabətli mühit formalaşdırmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək verməkdən ibarətdir.
Bu il müsabiqə yenilikləri ilə fərqlənir. Belə ki, internet resursların qiymətləndirmə meyarları tamamilə yenilənib. Müsabiqəyə təqdim edilən resurslar əvvəlki üç istiqamət (dizayn, kontent və texniki) üzrə deyil, layihənin faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla qiymətləndiriləcək.
Rəqəmsal layihənizi tanıtmaq və populyarlaşdırmaq, Milli İnternet Mükafatı və qiymətli hədiyyələr qazanmaq üçün www.millinet.az saytında qeydiyyatdan keçərək onu təqdim edə bilərsiniz.
Qeydiyyat noyabrın 17-dək davam edəcək. “Milli İnternet Mükafatı”na Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.