Mingəçevir Dövlət Dram Teatrında ustad dərsləri keçirilir
Mingəçevir, 27 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir. Layihə çərçivəsində növbəti 1 həftəlik ustad dərsləri Mingəçevir Dövlət Dram Teatrında təşkil olunub.
Əməkdar artist Qasım Nağının AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, ustad dərsləri Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, teatrşünas Dağlar Yusiflə birgə aparılır.
“Regionlarda peşəkar teatr dərsləri” layihəsi 2024-cü ilin oktyabrından reallaşır. Ustad dərsləri teatr kollektivinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, aktiv yaradıcılıq mühitinin formalaşdırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması və təcrübə mübadiləsi məqsədi daşıyır. Mingəçevir teatrının aktyorları da prosesə məsuliyyət və maraqla yanaşırlar”, - deyən Əməkdar artist onu da bildirib ki, layihə çərçivəsində ustad dərsləri digər teatrlarda da davam etdiriləcək.