REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-də Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin imtahan sessiyası çərçivəsində beşinci “Açıq qapı” günü keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbirdə MDU-nun rektoru Şahin Bayramov tələbə və magistrantlarla görüşüb.
Onlayn “Açıq qapı” günlərinin universitetdə çevik və səmərəli idarəetmədə tətbiq edilən faydalı kommunikasiya alətlərindən biri olduğunu vurğulayan rektor payız imtahan sessiyası müddətində tələbə və magistrantlarla bu formatda keçirilən silsilə görüşlərin əhəmiyyətini vurğulayıb.
MDU-da mövcud reallıqları nəzərə alaraq, xüsusi həssaslıqla təşkil edilən cari imtahan sessiyasının uğurla başa çatdığını deyən Ş.Bayramov bakalavriat və magistratura səviyyələri üzrə təhsilalanların onlayn imtahanlarda nümayiş etdirdikləri yüksək fəallıq və müvəffəqiyyət göstəriciləri barədə məlumat verib.
Payız imtahan sessiyası müddətində MDU-da “İmtahan qərargahı”, “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu”, “Apellyasiya komissiyası” və tələbələrdən ibarət “Könüllülər qrupu”nun fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor imtahanların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsinə töhfə verən universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə, tələbə və magistrantlara təşəkkürünü bildirib.
Daha sonra müraciətləri dinlənilən tələbə və magistrantlar imtahan sessiyasının səmərəli təşkilindən, pandemiya dövrünün çətinliklərini nəzərə alaraq, universitet rəhbərliyi və kollektivinin xüsusi diqqəti və həssaslığından razılıqlarını ifadə ediblər.
Görüşdə növbəti semestrdə universitetdə tədrisin təşkili, təcrübələrin keçirilməsi, xarici və yerli universitetlərlə əməkdaşlığın genişləndirilməsi, karyera inkişafı və digər məsələlərlə bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.
Xatırladaq ki, cari ildə hər həftənin cümə axşamı günlərində olmaqla beş “Açıq qapı” günü təşkil edilib. Cari imtahan sessiyasında əvvəlki “Açıq qapı” günləri müvafiq olaraq yanvarın 14-də, 21-də, 28-də və fevralın 4-də keçirilib.