Mingəçevirdə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb
Bakı, 18 iyul, AZƏRTAC
Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər sakini Ramin Aslanovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyənləşdirilib. Obyektə baxış zamanı oranın sahibi və doqquz müştərinin xüsusi karantin rejimi qaydalarını pozduqları aşkarlanıb.
Müştərilər barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib. Onlar cərimələnib və ciddi xəbərdarlıq olunublar. Obyekti işlədən R.Aslanov barəsində toplanmış material şəhər məhkəməsinə göndərilib.