Minskdə Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib
Minsk, 14 iyul, AZƏRTAC
İyulun 14-də Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin qurumun nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib.
Birliyin mənzil-qərargahından AZƏRTAC-a bildiriblər ki, iclasda MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev iştirak edib.
Daimi Səlahiyyətli Nümayəndələr 1995-ci ildə yaradılan MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının fəaliyyətini müzakirə ediblər. Şuranın nümayəndəsi, TASS-ın MDB və Baltik ölkələri sektorunun rəhbəri Boris Qruşin bu məsələ ilə bağlı məlumatla çıxış edib.
Hazırda Azərbaycan (AZƏRTAC), Belarus (BelTA), Qazaxıstan (Kazinform), Qırğızıstan (Kabar), Moldova (Moldpress), Rusiya (TASS), Tacikistan (Xovar) və Ermənistanın (Armenpress) dövlət informasiya agentliklərinin rəhbərləri MDB İnformasiya Şurasının üzvləridir. Ukraynanın Ukrinform milli informasiya agentliyinin rəhbərliyi 2009-2013-cü illərdə MDB İnformasiya Şurası ilə fəal əməkdaşlıq edib və onun iclaslarında iştirak edib. MDB İnformasiya Şurasının işində iştirak etmək üçün Türkmənistanın ("Türkmen dovlet xabarlar quluqı") və Özbəkistanın (UZA) dövlət informasiya agentliklərinin başçılarına müntəzəm olaraq rəsmi dəvətlər göndərilir.
MDB İnformasiya Şurasının sədri Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylovdur.
2004-cü ildə təsis edilən Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANIA) xəbər mübadiləsinin səviyyəsinin və səmərəliliyinin artmasına, informasiya axınında balansın təmin olunmasına və birliyin üzvü olan ölkələrin həyatı barədə obyektiv informasiyanın operativ yayılmasında agentliklərin səylərinin birləşdirilməsinə kömək etmək məqsədi daşıyır. MDB İnformasiya Şurası 2009-cu ildə Birliyin informasiya portalının yaradılmasında iştirak edib.
MDB İnformasiya Şurası rəhbərliyinin fəal dəstəyi ilə 1998-ci ildən Dünya Rus Mətbuatı Assosiasiyasının (DRMA) konqresləri keçirilib. DRMA-nın konqreslərində yaxın və uzaq xarici ölkələrdən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Birliyin iştirakçısı olan ölkələrinin informasiya agentlikləri təkcə MDB İnformasiya Şurası və ANIA çərçivəsində deyil, həm də ikitərəfli əsasda əməkdaşlıq edirlər, xəbərləri mübadilə edir, dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin səfərlərinin, müxtəlif dövlətlərarası aksiya və tədbirlərin işıqlandırılmasını təmin edirlər.
Birlik ölkələrində baş verən inteqrasiya prosesləri, ümumi əlamətdar tarixlərin bayram edilməsi, Birliyin ali orqanlarının iclaslarının, habelə İttifaq Dövləti, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) xətti ilə iri forumların keçirilməsi barədə əhalinin məlumatlandırılması MDB İnformasiya Şurasının üzvləri olan dövlət informasiya agentlikləri qarşısında duran əsas vəzifələrdən biridir.
MDB İnformasiya Şurasının fəaliyyəti barədə informasiyanı dinləyən Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri onun MDB məkanında informasiya əməkdaşlığının inkişafı üzrə sistemli işini, habelə Birlik çərçivəsində çoxşaxəli qarşılıqlı fəaliyyətin və MDB-nin iştirakçıları olan dövlətlərin gündəlik həyatının işıqlandırılmasına əhəmiyyətli töhfəsini vurğulayıblar.
Bundan əlavə, Birlik ölkələrinin daimi səlahiyyətli nümayəndələrinə MDB Hökumət Başçıları Şurasının bu il oktyabrın 30-da Düşənbədə nəzərdə tutulan iclasının gündəliyinin layihəsinə təkliflər təqdim olunub. Təklifləri üzv dövlətlərin əlaqədar nazirlikləri və idarələri ilə birlikdə öyrənmək, iclasın gündəlik layihəsini isə Daimi Səlahiyyətli Nümayəndələr Şurasının avqustun 19-da keçiriləcək növbəti iclasında tərtib etmək qərara alınıb.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında bu il oktyabrın 11-ə nəzərdə tutulan Belarus Respublikası Prezidentinin seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının başçısı qismində Birliyin İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevin namizədliyi razılaşdırılıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk