Mir Cəlal Paşayevin ev-muzeyində “Zəfər rəqsi” filmi nümayiş olunub
Gəncə, 22 oktyabr, AZƏRTAC
Mir Cəlal Paşayevin Gəncə şəhərində yerləşən ev-muzeyində Vətən müharibəsində qazanılan tarixi qələbəmizə həsr olunmuş “Zəfər rəqsi” qısametrajlı bədii filmi nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər xalqımızın şanlı Zəfər tarixindən, şəhidlərimizin müqəddəs xatirəsindən, müharibə iştirakçılarının fədakarlığından və bu böyük qələbənin mənəvi dəyərindən bəhs ediblər. Xüsusilə vurğulanıb ki, milli mənəvi dəyərlərimizi yaşadan böyük ədib Mir Cəlal Paşayevin ev-muzeyində bu cür anım tədbirinin keçirilməsi böyük rəmzi məna daşıyır.
Qeyd edək ki, “Zəfər rəqsi” qısametrajlı bədii filmi “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü, “Balakhani Operating Company” şirkətinin dəstəyi ilə ASAN TV tərəfindən ərsəyə gətirilib. Ekran əsərinin ideya müəllifi “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva, icraçı prodüseri Emin Musəvidir.
Film mərhum yazıçı Yaşar Bünyadın Mir Cəlal adına Hekayə Müsabiqəsində mükafat qazanmış “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. Filmin rejissoru və ssenari müəllifi Gəray Həsəndir. Ekran əsərində baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar. Tədbirdə hekayənin müəllifi Yaşar Bünyadın filmin ekran versiyasını görə bilmədiyi təəssüflə qeyd olunub və onun xatirəsi ehtiramla yad edilib.
Ekran əsərinin mərkəzində Vətən müharibəsi qazisinin müharibədən sonrakı həyatı, ailəsinin mənəvi sınaqları və yenidən həyata bağlanmaq arzusu dayanır. Film zəfərin təkcə döyüş meydanında deyil, həm də insanın ruhunda, ailə birliyində və xalqın həmrəyliyində yaşadığını təsirli kadrlarla tamaşaçıya çatdırır.
Müxbir - Elcan Məmmədov