Misirin GOP 27 konfransına ev sahibliyi rəsmən təsdiqlənib
Qahirə, 12 noyabr, AZƏRTAC
Misir hökumətinin 2022-ci ildə “COP 27... Birləşmiş Afrika dayanıqlı inkişafa doğru” mövzusunda keçiriləcək BMT-nin COP 27 İqlim Dəyişikliyi Konfransının Şarm əl-Şeyx kurort şəhərində keçirilməsi təklifi rəsmən təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, Qlazqoda keçirilən GOP 26 konfransının yekununda növbəti tədbirin Misirdə, 2023-cü il COP 28 konfransının isə Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi barədə qərar qəbul olunub. Misirin ekologiya naziri Yasmin Fuad onun ölkəsinə göstərilən etimad üçün konfransda iştirak edən dövlətlərə təşəkkürünü bildirib. O əlavə edib ki, konfransda qlobal iqlim dəyişikliyindən ən çox əziyyət çəkən Afrika qitəsində vəziyyət müzakirə olunacaq.
Qlazqo konfransında çıxış edən Misir Prezidenti Əbdülfəttah əl-Sisi öz ölkəsində “yaşıl iqtisadiyyat” sahəsində həyata keçirilən tədbirlərdən bəhs etməklə yanaşı, ümumilikdə Afrikada mövcud olan problemlərdən də danışıb. O qeyd edib ki, iqlim dəyişikliyi ilə əlaqədar tədbirləri həyata keçirmək üçün inkişaf etməkdə olan və yoxsul ölkələrə maddi dəstək göstərilməlidir.
Xatırladaq ki, Qlazqoda keçirilən BMT-nin İqlim Konfransında Azərbaycanı ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan konfransda yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə