Misirin portalı Azərbaycan Prezidentinin Ermənistanın təxribatı haqqında çıxışına geniş yer ayırıb
Qahirə, 17 iyul, AZƏRTAC
Misirin “Cairo24” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair müşavirədə Ermənistanın hərbi təxribatı haqqında çıxışını geniş işıqlandırıb.
Portalın AZƏRTAC-a istinadla yaydığı xəbərdə dövlətimizin başçısının Ermənistanda demokratiya prinsiplərinin pozulması, Venesiya Komissiyasının tövsiyələrinə məhəl qoyulmaması, siyasi opponentlərin təqib edilməsi və diktaturanın hökm sürməsi barədə fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin əhalinin diqqətini məhz daxili problemlərdən yayındırmaq məqsədilə qəsdən bu təxribata əl atdığını deyib.
“Cairo24” daha sonra Azərbaycan Prezidentinin aşağıdakı sözlərini sitat gətirib: “Nə üçün məhz iyulun 12-də? Bu da təsadüfi deyil. İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm. Amma mən hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub”.
Portalın xəbərində qeyd olunub ki, Azərbaycan Prezidenti düşmənə layiqli cavab verildiyini, Azərbaycan Silahlı Qüvvələrinin vəziyyətə tam nəzarət etdiyini bildirib. Azərbaycanın dövlət başçısı deyib: “Onu da bildirməliyəm ki, baxmayaraq, kəndlərimiz atəşə tutuldu, ağsaqqal həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma bizdə olan operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, bəzi şəhərlər boşaldılır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır”.
Xəbərdə Azərbaycan Prezidentinin köməkçisi-xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iyulun 16-da keçirdiyi mətbuat konfransındakı bəyanatı da yer alıb. O bildirib ki, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir, cəzasızlıq isə Ermənistanı yeni təxribatlara həvəsləndirir. H.Hacıyev vurğulayıb ki, ATƏT-in Minsk qrupu Ermənistanın Azərbaycana hücumu ilə bağlı konkret bəyanatla çıxış etməlidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə