Misirin Qırmızı dəniz bölgəsindəki məbəddə Budda heykəli tapılıb
Bakı, 28 aprel, AZƏRTAC
Arxeoloqlar Misirin Qırmızı dəniz bölgəsindəki məbəddə Budda heykəli tapıblar.
AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Qırmızı dənizdəki Berenike məbədində yeni tapılan Buddanın mərmər heykəli Roma İmperiyası dövründə Misir və Hindistan arasında əlaqəni göstərir. Burada erkən Roma dövrünə aid əsas məbədin (İsis ilahəsinə həsr olunmuş) qazıntı işləri aparan Amerika-Polşa arxeoloji missiyası Buddanın mərmər heykəlini məbədin ön həyətində aşkar edib.
Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri iddia edir ki, yeni tapılan heykəl Roma İmperiyası dövründə Misir və Hindistan arasında ticarətin olduğunu sübut edir. O əlavə edib ki, Misir Roma İmperiyasını qədim dünyanın bir çox əraziləri, o cümlədən Hindistan ilə birləşdirən ticarət yolunun mərkəzində olub. M.Vəziri diqqətə çatdırıb ki, Misirin Qırmızı dəniz sahillərində Roma dövrünə aid bir neçə liman ticarətlə məşğul olub, onlardan ən əhəmiyyətlisi isə Berenikedir. Hindistandan gəmilər bibər, qiymətli daşlar, geyim və fil sümüyü kimi məhsullarla daşıyıb və onları Berenikedə boşaldıb. Daha sonra yük səhradan Nil çayı sahilinə dəvələrlə aparılıb. Digər gəmilər daha sonra malları İsgəndəriyyəyə və oradan da Roma İmperiyasının qalan hissəsinə çatdırırdı.
Arxeoloji missiyanın Polşa tərəfindən direktoru Mariuş Gviazda bildirib ki, Buddanın ayaq üstə dayandığı və paltarının bir hissəsini sol əlində tutduğu formasında olan 71 santimetr hündürlüyündə heykəlin baş hissəsini günəş şüaları olan bir dairə əhatə edir və bu, onun parlaq zehninin rəmzidir. Polşalı alim hesab edir ki, bu heykəl buddist tacirlərin Misir və səhra bölgəsinə səfər etmələri məlumatlarını təsdiqləyir. O vurğulayıb: “Budda heykəli, ehtimal ki, müasir İstanbulun cənubunda yerləşən bölgədən çıxarılan daşdan hazırlanıb və Hindistandan olan bir və ya bir neçə zəngin tacir tərəfindən məbədə hədiyə olunub”.
Missiyanın Amerika tərəfindən direktoru Stiven Saydbotham bildirib ki, arxeoloqlar bu heykəldən başqa Roma imperatoru Ərəb Filipə (244 - 249-cu illər) aid sanskrit dilində yazı da tapıblar. O əlavə edib ki, bu yazı Buddanın heykəlindən daha erkən bir dövrə aiddir. Saydbothamın sözlərinə görə, eyni məbəddə başqa yazılar da tapıblar. O qeyd edib ki, yunan dilində olan bu yazılar eramızın birinci əsrinin əvvəlindən eramızın 305-ci ilinədək olan dövrə aiddir. Arxeoloqlar, həmçinin məbədin içərisində mərkəzi Hindistan Satavahana krallığına aid (eramızdan əvvəl II əsr) sikkə də tapıblar.