SİYASƏT
Misirli politoloq: Azərbaycanın səbirinin bir həddi var
Qahirə, 14 sentyabr, AZƏRTAC
Ermənistanın Azərbaycanla sərhəd rayonlarında törətdiyi son təxribatlardan sonra baş verən döyüşlər zamanı azərbaycanlı hərbçilərin şəhid olması çox kədərli haldır. Şəhidlərin ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Misir parlamentinin keçmiş üzvü, “Əl-Hivar” Strateji Araşdırmalar və Media Mərkəzinin sədr müavini, professor Hişam Məqdi söyləyib. O əlavə edib: “Sülh danışıqlarına rəğmən Ermənistanın istər Qarabağda, istərsə də Azərbaycanla sərhəd rayonlarında təxribatları davam etdirməsi məni təəccübləndirir. Bu əməllər bir dövlətin suveren hüquqlarına qəsd və beynəlxalq hüquq normalarının, dövlətlərin ərazi bütövlüyü prinsipinin kobud şəkildə pozulmasıdır. Ermənistan bir tərəfdən sülh müqaviləsinin hazırlanması və imzalanması üzrə danışıqlarda iştirak edir, digər tərəfdən sülhə və regional təhlükəsizliyə zərbə vurur. Rəsmi Bakının sülh və əməkdaşlıq təşəbbüsləri fonunda bu cür destruktiv hərəkətlər yolverilməzdir. Döyüşlərdə erməni əsgərləri də həyatını itirir. Bu, onların da faciəsidir.
Mən açıq-aydın görürəm ki, Azərbaycan xalqının səbiri tükənir. Axı səbir etməyin də bir həddi var. Düşünürəm ki, Cənubi Qafqazın ən qüdrətli Silahlı Qüvvələri olan Azərbaycan Ordusu gələcəkdə də bu təxribatlara qətiyyətli cavab verəcək, öz torpağını və namusunu layiqincə müdafiə edəcək”.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə