DÜNYA
MİXAİL SAAKAŞVİLİ QƏLƏBƏNİ QEYD EDİR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, seçkiqabağı qeydiyyatdan keçən 1,7 milyon seçicinin 85 faizindən çoxu seçkilərdə iştirak etmiş, onların 86,6 faizi Mixail Saakaşvilinin namizədliyini dəstəkləmişdir. M.Saakaşvili prezident seçkilərində qələbə qazandığını bəyan etmiş və bütün xalqa, tərəfdarlarına təşəkkürünü bildirmişdir.
Tbilisinin Azadlıq meydanında Mixail Saakaşvilinin tərəfdarlarnın yanvarın 5-nə keçən gecə saat 5-dək qələbə atəşfəşanlığı davam etmişdir.
Gürcüstanın Dövlət naziri Zurab Jvaniya demişdir ki, Gürcüstanda prezident seçkiləri ləyaqətlə keçmişdir.
Seçki məntəqələrinin bağlanmasına üç saat qalmış MSK-nın sədri Zurab Ciaberaşvili seçicilərin yarıdan çoxunun seçki məntəqələrinə gəlib səs verdiyini və seçkilərin baş tutduğunu bəyan etmişdir.
Gürcüstan prezidenti seçkilərinin gedişinə 450 nəfərdən çox müşahidəçi nəzarət etmiş, 2 min 875 seçki məntəqəsi və 75 dairə seçki məntəqəsi fəaliyyət göstərmişdir. Seçkiləri 250 nəfər xarici və MDB ölkələrinin jurnalistləri işıqlandırmışlar.
Ekspertlərin fikrincə, Mixail Saakaşviliyə keçmiş iqtidardan olduqca ağır miras qalmışdır: ölkənin sosial-iqtisadi həyatı həddindən artıq böhranlı vəziyyətdədir, Abxaziya, Cənubi Osetiya münaqişələrinin də həlli Mixail Saakaşvilinin seçkiqabağı proqramının əsasını təşkil edirdi. Bir sözlə, Gürcüstanın 36 yaşlı prezidentinin həll edəcəyi problemlər çoxdur, xalq onun enerjisinə güvənir, yəni prezidentdən çox şey gözləyir.