CƏMİYYƏT
Mixail Zabelin: Azərbaycan və Rusiya həmişə mənəvi dəyərlərlə bir-birinə bağlı olub
Bakı, 3 aprel, AZƏRTAC
Bakıdakı Rus Evində Azərbaycan və Rusiya Xalqlarının Dostluğu Klubunun iclası olub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin tədbirin xüsusi dəvətli qonağı olub.
M.Zabelin klub üzvlərinə - Azərbaycan Rus Gənclər Assosiasiyasının fəallarına və Azərbaycan ali məktəblərinin tələbələrinə Rus İcmasının fəaliyyəti, İcmanın 2023-cü il üçün planları haqqında məlumat verib, həmçinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə işlədiyi illər barədə xatirələrini danışıb.
O deyib: “Mənəvi dəyərlər həm Rusiyada, həm də Azərbaycanda həmişə çox möhkəm olub. Bu dəyərlər bizim üçün vacibidir, çünki Azərbaycan və Rusiya həmişə mənəvi dəyərlərlə, mədəniyyətlərin və yaradıcılığının yaxınlığı ilə bir-birinə bağlı olub. Mədəniyyətlərimizin qarşılıqlı nüfuz etməsi xalqlarımızı həmişə yaxınlaşdırıb. Biz şadıq ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çox səmimi qarşılıqlı münasibətlər yaranıb”.