Mobil operator güzəştli kreditlə smartfon satışı kampaniyası keçirir
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom” korporativ müştərilər üçün smartfonların satışı ilə bağlı yeni güzəştli kampaniyaya başlayıb. Kampaniya çərçivəsində hər kəs öz tələbatına və imkanına uyğun smartfonu 1 illik kreditə əldə edə bilər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniyaya qiymətlərindən asılı olaraq 4 növ smartfon daxil edilib. Qiyməti 464 manata qədər olan smartfonları ayda 55 manata əldə etmək mümkündür. Telefonun modeli və markasının seçimində məhdudiyyət yoxdur. Kampaniyaya daxil edilən digər smartfonları da hər ay 66 manat, 88 manat və ya 99 manat ödəməklə əldə etmək olar. Ümumilikdə kampaniya çərçivəsində qiyməti 992 manatadək olan smartfon əldə etmək olar. Kreditli satışla bərabər “Azercell” 1 il müddətində hər ay abunəçiyə ölkədaxili danışıqlar üçün 200 dəqiqə, 2 geqabayt (GB) internet və 200 SMS hədiyyə edir. Bu bonuslardan bir ay müddətində yararlanmaq mümkündür.
Qeyd edək ki, paketə daxil olan bonusların istifadə edilməyən hissələri növbəti faktura ayına keçmir. Əgər paket daxilində təqdim edilən dəqiqə/SMS trafiki bitərsə, onda ödəniş abunəçinin əsas tarif paketinə uyğun hesablanır. İki GB-lıq internet vaxtından əvvəl bitərsə, onda əlavə istifadə edilən hissə 2 qəpik tarifi ilə hesablanır.
Smartfonların qiyməti dəyişən şərtlərlə yaradıldığından, kampaniya çərçivəsində ümumi müəyyənləşdirilmiş məbləğə uyğun istənilən növ cihaz seçilə bilər. Telefonun dəyəri aidiyyəti distribütor tərəfindən tətbiq edilən və “Azercell” tərəfindən ilkin olaraq distribütora tam məbləğdə ödənilən rəsmi qiymətlər əsasında hesablanır.