Moldovada çıxan nüfuzlu qəzetdə Xocalı soyqırımına həsr edilmiş geniş material dərc olunmuşdur
Kişineu, 21 fevral (AZƏRTAC). Moldovada çıxan nüfuzlu “Ekspert novostey” qəzetində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş “Fevral Xocalı ayıdır” sərlövhəli geniş məqalə dərc olunmuşdur. Bu barədə AZƏRTAC-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilmişdir.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində ən qanlı səhifə olan Xocalı faciəsindən, erməni silahlı birləşmələrinin yer üzündən sildikləri şəhərin günahsız sakinlərinin min-bir əzabla qətlə yetirilməsindən rəqəmlər və faktlar əsasında ətraflı söz açılmışdır.
Materialda erməni terrorçularının sovet ordusunun 366-cı motoatıcı alayındakı əlaltıları ilə birlikdə törətdikləri cinayətlərin dəhşətli xronikası, faciə qurbanlarını öz gözü ilə görmüş xarici jurnalistlərin məqalələrindən sitatlar, “Memorial” hüquq müdafiə təşkilatının məruzəsindən parçalar verilmişdir.
Məqalədə xüsusi vurğulanır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilmiş “Xocalıya ədalət!” beynəlxalq təbliğat və maarifləndirmə kampaniyası Qarabağ haqqında həqiqətlərin dünyaya çatdırılmasında uğurlu və uzaqgörən strategiyadır.
Səfirlikdə onu da bildirmişlər ki, diplomatik nümayəndəlik Xocalı faciəsinə dair başqa tədbirlər də təşkil edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu