Monqolustan neft-qaz ölkəsi kimi Azərbaycanın zəngin təcrübəsindən yararlanmaqda maraqlıdır
Bakı, 25 fevral, AZƏRTAC
Monqolustan neft-qaz ölkəsi kimi Azərbaycanın zəngin təcrübəsindən yararlanmaqda maraqlıdır.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazovun dəvəti ilə Azərbaycana səfər edən Monqolustanın energetika naziri Çerenpil Davasurenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Monqolustanın energetika naziri deyib ki, bu səfər və keçirilən görüşlər iki ölkə arasında enerji, eləcə də digər sahələrdə əməkdaşlığı gücləndirmək, qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün bir fürsətdir. Bildirib ki, Monqolustanda neft-qaz sektoru hazırda inkişaf mərhələsindədir və bu sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Monqolustan neft-qaz ölkəsi kimi Azərbaycanın zəngin təcrübəsindən yararlanmaqda və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin təhsil almasında maraqlıdır.
P.Şahbazov isə bildirib ki, iki ölkə arasında həm prezidentlər səviyyəsində, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək münasibətlər enerji sahəsində də inkişafa təkan verir. Bu məqsədlə, Azərbaycan öz təcrübəsini bölüşməyə, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır.
Nazir gələcəkdə “Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının bu prosesə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə, həmçinin Monqolustan tələbələrinin Azərbaycanın müvafiq ali məktəbində təhsil almaları üçün lazımi dəstəyin veriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda, Monqolustanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlikdən Azərbaycanın xeyrinə imtina etməsi yüksək qiymətləndirilib və bu çərçivədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət zamanı hər iki ölkədə energetika sektorunun müasir vəziyyəti, qarşıda duran hədəflər və qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.