“Mosfilm” kinostudiyasının ən yaxşı filminin adı açıqlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Rejissorlar Aleksandr Serovun “Uğur centlmenləri” və Leonid Qaydayın “Brilyant əl”, “I” əməliyyatı və Şurikin başqa macəraları” filmləri “Mosfilm” kinostudiyasında çəkilən ən yaxşı filmlər elan edilib. AZƏRTAC bu barədə TASS agentliyinə istinadla xəbər verir.
“Mosfilm. Qızıl kolleksiya” telekanalının mətbuat xidmətindən agentliyə bildirilib: “Yanvarın 30-da “Mosfilm” kinostudiyasının 100 illiyi tamam olur. Bu hadisə ərəfəsində “Mosfilm. Qızıl kolleksiya” telekanalının redaksiyası aparıcı nəşrlərin və xidmətlərin tamaşaçı və ekspert rəyləri əsasında ölkənin ən məşhur kinostudiyasının çəkdiyi populyar filmləri müəyyən etmək məqsədilə sorğu keçirib. Sorğuda lider Aleksandr Serovun lentə aldığı “Uğur centlmenləri” komediyası olub”.
Bu ekran əsərinin ssenari müəllifləri Viktoriya Tokareva və Georgi Daneliyadır. “Uğur centlmenləri” filmi 1972-ci ildə prokat lideri olub, ona 65 milyon insan baxıb. Studiyanın reytinq cədvəlində ikinci və üçüncü yerləri Leonid Qaydayın “Brilyant əl” və “I” əməliyyatı və Şurikin başqa macəraları” filmləri tutub. Yeri gəlmişkən, rejissor “Brilyant əl” ekran əsərinin ideyasını İsveçrədə qaçaqmalçıların qiymətli daş-qaşları gips sarğılarında keçirmək istədikləri barədə xəbərləri oxuduqdan sonra kəşf edib. Film 1969-cu ildə ekranlara çıxıb və həmin il ona 76,7 milyon tamaşaçı baxıb.
Dördüncü yerdə Leonid Qaydayın daha bir filmi - “İvan Vasilyeviç peşəsini dəyişir” yer alıb. Ekran əsəri Mixail Bulqakovun “İvan Vasilyeviç” pyesinin motivləri əsasında çəkilib. Növbəti yeri Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” filmi tutub. “Sovetski ekran” nəşrinin oxucuları 1980-ci ildə bu ekran əsərini ilin əy yaxşı filmi, baş rolu ifa edən Vera Alentovanı isə ən yaxşı aktrisa adlandırıblar. Film 1981-ci ildə “ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Siyahıda məşhur filmlər - Leonid Qaydayın “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, Mixail Kalatozovun “Durnalar uçur” və Sergey Eyzenşteynin “Potyomkin zirehlisi” də yer alıb. Doqquzuncu yerdə Yuri Çulyukinin “Qızlar” və Eldar Ryazanovun “İşdə məhəbbət macərası”, onuncu yerdə isə Elem Klimovun “Get və bax” dramatik ekran əsəri qərarlaşıb.
“On ən yaxşı filmin” tərtib edilməsində 12 nəşrin və xidmətlərin tamaşaçılarının, ekspertlərinin və redaksiyalarının rəyləri nəzərə alınıb. Bundan başqa, sovet kinoprokatı liderlərinin siyahıları və “Sovetski ekran” jurnalının reytinqləri də öyrənilib.