Moskvada “Azərbaycan poeziyasının şedevrləri” adlı qiraət müsabiqəsinə yekun vurulub
Moskva, 25 dekabr, AZƏRTAC
Moskvada qiraətçilərin “Azərbaycan poeziyasının şedevrləri” adlı müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin qadınlar birliyi tərəfindən təşkil olunan müsabiqənin iştirakçıları Rusiyanın 19 regionundan 5-25 yaş arası 200-dən çox məktəbli və tələbə olub.
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov çıxışında diqqəti cəmiyyətdə qadınların roluna çəkib. O, Moskvanın Azərbaycan diasporu adından hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edib.
Dekabrın 24-ü Azərbaycan Prezidenti İlham Əliyevin ad günü olduğunu qeyd edən B.Həsənov Prezidentin torpaqların işğaldan azad edilməsi üzrə dərin düşünülmüş planlarının uğurlu nəticəsini vurğulayıb.
Diaspor rəhbərinin müavini Həşim Əliyev çıxışında qeyd edib ki, bu gün burada toplaşan qadınların hər biri uğurlu sahibkar, pedaqoq, öz işinin ustadı, gözəl anadır.
Sonra müsabiqə mükafatçılarına diplomlar, diasporun əksər tədbirlərində, eləcə də müsabiqənin keçirilməsində iştirak edən qadın fəallara təşəkkürnamələr və hədiyyələr təqdim edilib.
Gecənin bədii hissəsinin aparıcısı Gülnur Alışova, rejissor Ülviyyə Əzizova xalq musiqisi, xalq rəqsləri ifaçılarını təqdim ediblər. Tanınmış şairə, yazıçı, publisist və tərcüməçi Afaq Şıxlı öz şeirlərini söyləyib.
Qeyd edək ki, Rusiyanın digər regionlarından olan mükafatçılar və iştirakçılar 2023-cü ilin sonunadək təltif olunacaq. Müsabiqədə azərbaycanlı gənclərlə yanaşı, digər millətlərin nümayəndələri, eləcə də belaruslu məktəbli iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva