Moskvada Azərbaycan və Rusiya alimlərinin iştirakı ilə konfrans keçirilib
Moskva, 1 fevral, AZƏRTAC
RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında dövlətin dayanıqlı inkişafı naminə informasiya siyasətinin formalaşdırılmasında təhsilin roluna həsr edilmiş elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aparıcı alimləri iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycan, İsrail və Rusiyanın bir çox regionundan olan alimlərin müxtəlif məsələlərə dair məruzələri təqdim olunub. Məruzələr müasir dünyada kommunikasiyaların rolu, sosial, iqtisadi və ekoloji çağırışlar fonunda dövlətin informasiya siyasətinin əhəmiyyəti və sistematik funksiyası, jurnalist kadrlarının hazırlanmasında yeni təhsil texnologiyaları, tələbələrin intellektual bacarıqları və ümumi erudisiyasının formalaşdırılması, digər mövzuları əhatə edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev səfir Polad Bülbüloğlunun konfrans iştirakçılarına müraciətinin mətnini oxuyub. Diplomat Rusiya ilə Azərbaycan arasında mədəni mübadilənin əhəmiyyətini qeyd edib.
Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının prorektoru Andrey Marqolin Azərbaycan Dövlət İdarəçilik Akademiyası ilə uzunmüddətli və faydalı əməkdaşlığı qeyd edib və ümidvar olduğunu bildirib ki, iki akademiya arasında birgə təhsil proqramları yaradılacaq. O deyib: “Təşkilatçıların nəzakətli yanaşması “informasiya müharibələri” terminindən istifadə etməyə imkan vermədi, amma yeni geosiyasi reallıqda onlar sərt şəkildə aparılır. İdeyaların mübadiləsi bu reallıqda baş verən qarşıdurmada faydalı olacaq”.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov dayanıqlı inkişafın təmin edilməsi və inklüziv cəmiyyətin formalaşmasında təhsil və informasiyanın rolu mövzusunda mühazirə ilə çıxış edib. Akademik insan potensialının formalaşması probleminə toxunub, habelə Dövlət İdarəçilik Akademiyasında kadrların hazırlanması və təhsil prosesində innovativ texnologiyaların tətbiqindən danışıb.
Dövlət İdarəçilik Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədovun çıxışı 1992-ci ildə bəyan edilən və bəşər tarixində mühüm hadisəyə çevrilən dayanıqlı inkişaf məqsədlərinin fəlsəfi aspektlərinə həsr olunub.
Konfransda “Dialoq” beynəlxalq diskussiya klubunun rəhbəri, RF Prezident Akademiyasının Vladimir filialının direktoru Vyaçeslav Kartuxin, həmin akademiyanın Şimal-Qərb İdarəçilik İnstitutunun jurnalistika və media kommunikasiyaları kafedrasının müdiri Maksim Kim, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun baş elmi işçisi İqor Liseyev, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, professor Namiq Əliyev çıxış ediblər.
Konfransın proqramına ən aktual mövzulara həsr olunmuş 30-dan çox məruzə daxil edilib. Onların mətnləri “Kommunikologiya” jurnalında məqalə şəklində dərc ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva