MOSKVADA FİFA VƏ AFFA BAŞÇILARININ GÖRÜŞÜ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, AFFA-nın prezidenti Ramiz Mirzəyev Moskvada FİFA-nın prezidenti Yozef Blatterlə görüşmüşdür. Görüşdə Azərbaycan futbolunun inkişaf perspektivləri müzakirə olunmuşdur.
R.Mirzəyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılmışdır. Y.Blatter Azərbaycan Futbol Federasiyasının milli futbolun inkişaf etdirilməsi sahəsində gördüyü tədbirlərlə maraqlanmışdır. R.Mirzəyev demişdir: “Y.Blatter Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət proqramının qəbulunu və reallaşdırılması üçün görülən işləri yüksək qiymətləndirir. Y.Blatter 2004-cü ildə Azərbaycana səfərini, Prezident İlham Əliyevlə dostluq şəraitində keçən səmərəli görüşünü böyük səmimiyyətlə xatırlamışdır”.
Y. Blatter AFFA konfransının legionerlərin limitinin azaldılması haqqında qərarından məmnunluğunu bildirərək demişdir ki, həmin tədbir FİFA-nın perspektiv siyasətinə müvafiqdir və bu proses artıq bütün dünyada başlanmışdır.
R.Mirzəyev onu da bildirmişdir ki, AFFA, FİFA və UEFA arasında olduqca uğurlu əməkdaşlıq həyata keçirilir. Bu təşkilatların futbolun inkişafına dair öz proqramları var və üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirir, məqsədli şəkildə maliyyələşdirirlər. Ən başlıcası isə, Prezident İlham Əliyev başda olmaqla dövlətimiz idmanın bu növünün inkişafına xüsusi diqqət yetirir, zəruri vəsait ayırır və mövcud problemləri aradan qaldırır.