MOSKVADA İZDİHAMLI ANTİTERROR MİTİNQİ KEÇİRİLMİŞDİR
130 mindən çox insan mitinqə gələrək, Rusiya ərazisində törədilmiş dəhşətli terror aktları ilə əlaqədar öz kəskin etirazını bildirmişdir. Onlar günahsız həlak olmuş insanların xatirəsini birdəqiqəlik sükutla anmış, terrorizmə qarşı amansız mübarizə aparmağı tələb etmişlər. Çoxlarının əlində qara lentlər bağlanmış Rusiya bayraqları, “Terrora müharibə - Qafqaza sülh”, “Xalqlar dostluğu Rusiyanın birliyinin rəhnidir!” şüarları yazılmış transparantlar vardı.
Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri də mitinqə gələrək, rusiyalılarla birlikdə öz etirazlarını bildirdilər. Həmvətənlərimiz Azərbaycan bayrağını qaldırmış və bununla da, bu kədərli günlərdə rusiyalılarla həmrəy və onlara hayan olduqlarını ifadə etdilər. Bir sıra dövlətlərin – İtaliya, Almaniya, Böyük Britaniya, Gürcüstan, Ukrayna və başqalarının nümayəndələri rusiyalılarla həmrəy olduqlarını nümayiş etdirirdilər.
Moskvanın meri Yuri Lujkov paytaxt sakinlərini terrorizmlə mübarizədə hakimiyyət orqanlarına kömək göstərməyə çağırdı.
Mitinqin sonunda qətnamə oxundu. Sənəddə ölkənin dövlət birliyini möhkəmlətmək, terrorda əli olanların hamısını amansızcasına cəzalandırmaq tələb olunur. Qətnamədə deyilir: “Terrorizm diz çökdürülməli və məhv edilməlidir. Faciə bizi daha sıx birləşdirəcəkdir. Rusiya vahid, bütöv, çoxmillətli dövlət olacaqdır. Biz qalib gələcəyik”.
Xristian və müsəlman ruhanilərinin mitinqdə olan nümayəndələri öz çıxışlarında Rusiya xalqlarını sıx birliyə və həmrəyliyə çağırdılar.