MOSKVADA MDB MALİYYƏ-BANK ŞURASININ İLLİK HESABAT-YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Bakı, 23 aprel (AZƏRTAC). Moskvada MDB Maliyyə-Bank Şurasının (MBŞ) illik hesabat-seçki yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan Beynəlxalq Bankı İdarə heyətinin sədri C.Hacıyev, «ABB-Moskva» bankı İdarə heyətinin sədri F.Abdullayev, «ABB-Moskva» İdarə heyəti sədrinin müşaviri A.Səfərov iştirak etmişlər.
Tədbirdə MDB MBŞ-nin 2009-cu il üzrə fəaliyyəti və 2010-cu ildə fəaliyyətinin əsas istiqamətləri, təftiş komissiyasının ötən il üçün hesabatının qəbulu, 2010-cu il üçün maliyyə planı, MDB MBŞ-nin rəhbərliyinin, nəzarət və icra orqanlarının seçkisi məsələləri müzakirə olunmuşdur.
MDB MBŞ-nin vitse-prezidenti C.Hacıyev təşkilatın işini yüksək qiymətləndirmiş və onun fəaliyyətinin daha da vüsət alması üçün konkret təkliflərini vermişdir. O, həmçinin MDB ölkələrinin bank və maliyyə institutlarının illik konfranslarının keçirilməsində daimi məkan kimi Bakı şəhərinin seçilməsindən məmnunluğunu bildirmiş, forumun formatının genişləndirilməsi ideyasını dəstəkləmişdir.
İşin həcminin artması, iştirakçılarının tərkibinin və tərəfdaşlığın fəaliyyət istiqamətlərinin genişlənməsi ilə əlaqədar MDB MBŞ-nin birinci vitse-prezidenti vəzifəsinin təsis edilməsi ilə idarəetmənin yeni strukturu qəbul edilmişdir. Bu vəzifəyə Azərbaycan Beynəlxalq Bankı İdarə heyətinin sədri C.Hacıyev seçilmişdir.