MOSKVADA NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MÜBARİZƏYƏ DAİR İŞGÜZAR GÖRÜŞ KEÇİRİLMİŞDİR
İclasda narkotiklər və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə daxili işlər orqanlarının qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi, əməliyyat-informasiya təminatı, habelə birgə əməliyyat-profilaktika tədbirlərinin və xüsusi antinarkotik əməliyyatların hazırlanmasına və keçirilməsinə yardım məsələləri müzakirə olunmuşdur.
H.Aslanov bildirmişdir ki, Azərbaycan MDB çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə prosesində də fəal iştirak edir. Azərbaycan tərəfi bu cür görüşlərdə Dağlıq Qarabağın nəzarətsiz qalmış əraziləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları haqqında məsələni müntəzəm olaraq qaldırır. H.Aslanov vurğulamışdır ki, Azərbaycan Dağlıq Qarabağın işğal olunmuş ərazilərində narkotik vasitələrin istehsalı və hazırlanması barədə dəqiq məlumata malikdir. Əgər əvvəllər söhbət narkotik vasitələrin bəsit üsullarla emalından gedirdisə, indi narkotik vasitələr artıq kiçik sexlər miqyasında hazırlanır. Lakin məlum səbəblər üzündən bu regionda əməliyyat-profilaktika tədbirlərinin və xüsusi antinarkotik əməliyyatların keçirilməsi mümkün deyildir. Azərbaycan bu məsələni bütün beynəlxalq müşavirələrdə səlahiyyətli orqanlar qarşısında qaldırır.