Mövcud problemlərin həlli istiqamətində hər bir mobil operator konkret addımlar atmalıdır
Bakı, 13 mart, Gülnar Bəşirova, AZƏRTAC
Bəzi rabitə xidmətlərinin tarifləri dövlət tərəfindən tənzimlənir və bu tariflərin bir çoxu aşağı salınıb. Lakin mobil rabitə xidmətlərinin tarifləri rəqabət mühitində formalaşır. Ona görə də mobil operatorlar bu tariflərin aşağı salınması istiqamətində birgə səylər göstərməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib.
Xidmət rəisi bildirib ki, rabitə xidmətlərinin keyfiyyəti ilə bağlı müsbət irəliləyişlər olsa da, müəyyən çatışmazlıqlar da mövcuddur. Belə ki, internetə qoşulmada, SMS göndərilmədə, şəbəkədaxili və xarici ölkəyə edilən zənglərdə, danışıqların fasiləsizliyində, satılan mobil telefonların keyfiyyətində, bayram günlərində və insanların kütləvi toplaşdığı məkanlarda mobil əlaqələrdə problemlərin yaranması, göndərilən SMS-lərin itməsi, vaxtında ünvana çatmaması, reklam xarakterli SMS-lərin vətəndaşlara göndərilməsi istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Bütün bunlar cəmiyyətdə mobil operatorların xidmətlərindən narazılıqlara gətirib çıxarır. Ona görə də, mövcud olan problemlərin həlli istiqamətində hər bir operator konkret addımlar atmalı, işin və xidmətlərin keyfiyyətini daim diqqət mərkəzində saxlamalı, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir.
Qeyd olunub ki, mobil rabitə cihazlarının satışı zamanı istehlakçıya verilən zəmanət talonlarında istehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri mövcuddur. Bunu nəzərə alaraq bu cür müqavilə şərtlərinin dəyişdirilməsi ilə əlaqədar işlər davam etdirilməli və bu kimi hallar birdəfəlik aradan qaldırılmalıdır.