ELM VƏ TƏHSİL
“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” mövzusunda elmi seminar keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” mövzusunda məruzə dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Mövzu üzrə çıxış edən Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə yaşıl texnologiyaların elektron kitabxanalara tətbiqi, yaşıl elektron kitabxananın formalaşdırılması, bunun üçün dayanıqlı platformanın yaradılması haqqında məlumat verib.
Məruzəçi qeyd edib ki, yaşıl və rəqəmsal transformasiyalar elektron kitabxanalarda davamlılığı artırır, elektron kitabxanaya girişi və istifadəçilər arasında əlaqələri yaxşılaşdırır. D.Əlizadə yaşıl elektron kitabxana üçün dayanıqlı platformanın yaradılmasının vacibliyini qeyd edərək, bunun üçün yaşıl sertifikatlı bulud xidmətləri, enerjiyə qənaət edən hostinq provayderləri, inteqrasiya edilmiş kitabxana və kontent idarə sistemləri, eləcə də rəqəmsal saxlama proqramından istifadənin zəruri olduğunu diqqətə çatdırıb.
Daha sonra o bildirib ki, yaşıl rəqəmsal kitabxananın qurulması bir neçə mərhələni əhatə edir və bu addımları prioritetləşdirməklə ətraf mühitin sağlamlığının qorunmasına töhfə verə biləcək rəqəmsal kitabxana yaratmaq mümkündür.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırıb.