Müasir texnologiya düyü istehsalında məhsul itkisini minimuma endirir VİDEO
Lənkəran, 20 iyul, AZƏRTAC
Hər il minlərlə ton düyü idxal edən Azərbaycan üçün yerli istehsalın artırılması strateji əhəmiyyət daşıyır. Bu məqsədlə aqrar sektorda tətbiq olunan yeni texnologiyalar həm məhsuldarlığı yüksəldir, həm də fermerlərin gəlirlərini artırır. Lənkəranda yapon texnologiyası əsasında qurulan müasir çəltik emalı zavodu bunun əyani nümunəsidir. Yeni avadanlıqlar sayəsində məhsul itkisi azalır, keyfiyyət yüksəlir və yerli düyünün bazardakı mövqeyi daha da möhkəmlənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ənənəvi avadanlıqlarla aparılan emal prosesində düyünün əhəmiyyətli hissəsi qırıldığından istehsalçılar ciddi itkilərlə üzləşirdilər. Artıq cənub bölgəsində ilk dəfə olaraq müasir texnologiyaların tətbiqi problemin həllinə imkan yaradıb. Yəni, emala qəbul edilən çəltiyin orta hesabla 70 faizi yüksəkkeyfiyyətli düyü kimi əldə olunur. Müqayisə üçün qeyd edək ki, köhnə texnologiyalarla bu göstərici cəmi 45–50 faiz səviyyəsində idi. Beləliklə, məhsul itkisi əhəmiyyətli dərəcədə azalır, fermer və istehsalçıların qazancı isə artır.
Müəssisə rəhbəri Məsur Əliyevin sözlərinə görə, çəltik emalı bir neçə mərhələdən ibarətdir. İlk olaraq məhsul yonma avadanlığına ötürülür. Su ilə işləyən xüsusi daş vasitəsilə çəltiyin qabığı təmizlənir. Bu avadanlıq digər yonma sistemi ilə paralel fəaliyyət göstərərək, emal prosesinin daha səmərəli aparılmasını təmin edir.
“Sonra məhsul ələyə ötürülür. Burada düyünün içində olan xırda qırıntılar və digər qarışıqlar ayrılır, keyfiyyətli düyü isə növbəti mərhələyə keçir. Daha sonra məhsul tərəzidə çəkilir və rəng çeşidləyici avadanlığına verilir. Bu aparat düyünün rənginə görə keyfiyyət standartlarına uyğun olmayan dənələri seçərək ayırır. Nəticədə yalnız keyfiyyətli və satışa hazır məhsul qablaşdırma mərhələsinə göndərilir”, – deyə müəssisə rəhbəri Məsur Əliyev bildirir.

Hazırda zavodda emal olunan məhsullar əsasən daxili bazara yönləndirilir. Yerli düyünün keyfiyyətinin yüksəlməsi onun rəqabət qabiliyyətini də artırıb.
“Hesab edirəm ki, yerli istehsal etdiyimiz düyünün əsas üstünlüklərindən biri onun qiymətidir. Daxili bazarda satdığımız məhsullar idxal olunan düyülərlə müqayisədə daha münasib qiymətə təklif edilir. Bu da həm yerli istehsalçı olmağımız, həm də dövlətin göstərdiyi dəstək sayəsində mümkündür”, - deyən Məsur Əliyev əlavə edib ki, müəssisədə müxtəlif növ və sortlarda düyü istehsal olunur. Qiymətlər də məhsulun növündən asılı olaraq dəyişir. Hazırda düyünün satış qiyməti növündən asılı olaraq 1 manat 50 qəpik ilə 3 manat arasında dəyişir.
“Məsələn, "Haşimi" sortu yüksək keyfiyyəti ilə seçilsə də, məhsuldarlığı aşağı olduğundan onun maya dəyəri daha yüksək olur. Bu səbəbdən onun qiyməti digər düyülərlə müqayisədə bir qədər bahadır. Bununla yanaşı, Türkiyədən gətirdiyimiz "Kəşan" sortu yüksək məhsuldarlığı ilə seçilir və istehsal prosesində səmərəliliyin artırılmasına imkan yaradır”, – deyə müəssisə rəhbəri Məsur Əliyev vurğulayıb.
Onu da qeyd edək ki, müəssisənin yaradılması və müasir emal avadanlıqlarının quraşdırılması zamanı dövlət dəstəyi mühüm rol oynayıb. Sahibkarın sözlərinə görə, investisiya layihəsi çərçivəsində tətbiq olunan 40 faiz subsidiya müəssisənin qurulmasına və istehsalın təşkilinə əhəmiyyətli töhfə verib.
Hazırda Azərbaycanda çəltik istehsalı ölkənin düyüyə olan tələbatının təxminən 15–20 faizini ödəyir. Mütəxəssislər hesab edirlər ki, müasir texnologiyaların tətbiqi, məhsuldar sortların becərilməsi və əkin sahələrinin genişləndirilməsi gələcəkdə düyü idxalından asılılığın azalmasına, eyni zamanda, yerli istehsalın daxili bazardakı mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradacaq.
Müxbir- İlkin Adıyev