MÜDAFİƏ NAZİRİ ATƏTİN AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ÜZRƏ XÜSUSİ ELÇİSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Nazir qonağı salamladıqdan sonra Filipp Dimitrov söyləmişdir ki, mən Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzanması ilə bağlı ATƏT sədrinin narahatlığını sizə çatdırmaq istəyirəm. O hesab edir ki, məsələnin həllini yubatmaq olmaz.
General-polkovnik Səfər Əbiyev qeyd etmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi uzun və mürəkkəbdir. On ildən artıqdır ki, tərəflər arasında atəşkəs rejimi davam edir. Azərbaycan münaqişəni dinc yolla həll etmək istəsə də, Ermənistanın destruktiv mövqeyi buna imkan vermir.
O demişdir: “Azərbaycan və Ermənistan prezidentlərinin Astana görüşü münaqişənin dinc yolla həllinə ümidləri artırmışdır. Biz hesab edirik ki, münaqişə barəsində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirməyən təcavüzkar Ermənistanı buna məcbur etmək lazımdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunmalıdır. Bunu Azərbaycanda Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının iştirak etdiyi iri iqtisadi layihələrin təhlükəsizliyi də tələb edir”.
Sonra tərəflər Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir mübadiləsi etmişlər.
General-polkovnik Səfər Əbiyev demişdir: “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənistan öz qoşunlarını işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır. Əks təqdirdə Azərbaycan öz ərazilərini işğalçılardan azad etmək məcburiyyətində qalacaqdır”.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşik iştirak etmişdir.