MÜDAFİƏ NAZİRİ MARKO ZAKKERA İLƏ GÖRÜŞMÜŞDÜR
Müdafiə naziri qonağı salamladıqdan sonra qəbula görə Səfər Əbiyevə təşəkkürünü bildirən qonaq qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunda mühüm yer tutur.
General-polkovnik Səfər Əbiyev Azərbaycan Respublikasının müstəqillik tarixi haqqında məlumat verərək demişdir: “Azərbaycan öz dövlət müstəqilliyini Ermənistanın təcavüzü şəraitində əldə etmiş və möhkəmləndirmişdir. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və bu gün də öz havadarlarının yardımı ilə iddialarından əl çəkmir. İşğalın məqsədi Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməkdir. Ermənistan Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilənin şərtlərini pozaraq işğal etdiyi ərazilərdə külli miqdarda silah və sursat saxlayır”.
Sonra müdafiə naziri Ermənistanın bu ərazilərdə narkotik maddələr yetişdirdiyi, terrorçu qruplar hazırladığı barədə qonağa ətraflı məlumat vermişdir. O demişdir: “Bizi narahat edən odur ki, bu vaxta qədər Ermənistan dünya ictimaiyyətinə təcavüzkar dövlət kimi tanıdılmamış və ona qarşı heç bir sanksiya tətbiq edilməmişdir. Bu cəzasızlıq Ermənistan tərəfini münaqişənin onun xeyrinə həll ediləcəyinə ruhlandırır”.
General-polkovnik Səfər Əbiyev M.Zakkeranın Azərbaycan Silahlı Qüvvələri, onun beynəlxalq əlaqələri, Cənubi Qafqaz regionunda mövcud hərbi siyasi vəziyyət, Azərbaycan-NATO əlaqələri və digər məsələlər haqqındakı suallarını cavablandırmışdır.