Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
İbtidai sinif şagirdin gələcək təhsilinin və dünyagörüşünün formalaşdığı mühüm mərhələdir. Bu mərhələdə uşaqların oxu və yazı bacarıqları ilə yanaşı, dünyagörüşünün inkişafına, fikirlərini sərbəst ifadə etməsinə və özünü tanımasına da xüsusi diqqət yetirilməlidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Könül Qurbanova deyib. Müəllim bildirib ki, ibtidai sinif şagirdin təhsil həyatının əsasını təşkil edir və bu mərhələdə qoyulan təməl onun inkişafında mühüm rol oynayır. İbtidai sinifdə yalnız akademik biliklərin mənimsənilməsi deyil, uşağın bir şəxs kimi formalaşması da diqqətdə saxlanılmalıdır. Bu mərhələdə şagirdlərin oxu, yazı, dünyagörüşü və müxtəlif mövzular üzrə bilikləri ilə yanaşı, onların düşünmə və fikirlərini ifadə etmək bacarıqları qiymətləndirilməlidir.
“İbtidai sinif möhkəm təməldir. Bu təməl yaxşı qurulmalıdır ki, sonrakı mərhələlərdə də şagirdin təhsili möhkəm olsun. İbtidai sinifdə qiymətləndirilməli çox məqam var. Burada uşaqların həm oxusuna, həm yazısına, həm dünyagörüşünə, həm də müxtəlif mövzulara münasibətinə diqqət yetirməliyik. Əsas məqsədimiz cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir.
Müəllim üçün sinifdə bütün şagirdlər bərabərdir. Şagirdin yaxşı və ya zəif oxumasından asılı olmayaraq, hər birinə eyni münasibət göstərilməli, onların fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Fərdi yanaşma tətbiq etməklə şagirdin hansı sahədə çətinlik çəkdiyini müəyyənləşdirə və onun inkişafına daha düzgün istiqamət verə bilərik. Hesab edirəm ki, şagirdin yaxşı oxuması və ya fikrini ifadə etməsi ilə yanaşı, ilk növbədə, özünü tanıması vacibdir. Uşaq öz tələblərini, istəklərini və fikirlərini müəlliminə düzgün şəkildə çatdıra bilirsə, bu, onun şəxsiyyət kimi formalaşmasının göstəricilərindən biridir. Şagirdin özünəinamının formalaşması, sərbəst düşünməsi və fikrini ifadə edə bilməsi də ibtidai sinifdə diqqət yetirilməli məsələlərdəndir.
Yüksək nəticə göstərən şagirdlərimizdə olan müsbət xüsusiyyətləri zəif nəticə göstərən şagirdlərdə də üzə çıxarmağa çalışmalıyıq. Hər bir uşağın özünəməxsus bacarığı var. Müəllimin vəzifəsi həmin bacarığı görmək, düzgün istiqamətləndirmək və inkişaf etdirməkdir. Bəzən zəif nəticə göstərən şagirdin hansısa başqa sahədə daha güclü potensialı olur. Ona görə də heç bir şagirdə yalnız göstəricilərinə əsasən yanaşmaq düzgün deyil.
Düşünürəm ki, müəllim hər bir şagirdə inanmalı, onun potensialını üzə çıxarmalı və özünü ifadə etməsi üçün şərait yaratmalıdır. Çünki ibtidai sinifdə uşağa verilən düzgün istiqamət onun gələcək təhsilində və cəmiyyətə münasibətində də özünü göstərir. Hər bir şagirdin potensialını üzə çıxarmaq və inkişaf etdirmək bizim müəllim kimi əsas vəzifələrimizdəndir”, - deyə Könül Qurbanova fikrini yekunlaşdırıb.