MÜƏSSİSƏLƏRİN İNVESTİSİYA MÜSABİQƏLƏRİ VASİTƏSİLƏ ÖZƏLLƏŞDİRİLMƏSİNƏ DAHA ÇOX DİQQƏT YETİRİLİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, avqustda respublikanın müxtəlif bölgələrində yerləşən və bu regionların iqtisadiyyatında xüsusi rol oynayan kimya və maşınqayırma sənayesi, eləcə də tikinti sahəsinə aid beş səhmdar cəmiyyətinin səhmləri investisiya müsabiqəsinə çıxarılmışdır.
Əsas fəaliyyət növü maşınqayırma sənayesi üçün paylayıcı elektrik lövhələri və daxili elektrik şəbəkəsi üçün avadanlıq, regenerat və texniki rezin məmulatlarının, sulfat turşusu, müxtəlif gübrələrlə başqa kimyəvi məhsulların istehsalı, habelə tikinti materiallarının təchizatı olan bu səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi ilə bağlı elan edilən müsabiqələrdə xarici sərmayədarlar da iştirak edə bilərlər.
Müsabiqələrdə iştirak etmək üçün sərmayədarlar müəssisələrin istehsal prosesinin inkişafı, beynəlxalq norma və standartlara cavab verən ixracyönümlü məhsul istehsalına nail olmaq üçün bir sıra şərtləri özündə cəmləşdirən investisiya proqramları təqdim etməlidirlər.
Bu müsabiqələrin keçirilməsi nəticəsində dövlət büdcəsinə 3 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur.
Müsabiqələrə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum məbləğdə sərmayə təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş, göstərilən sahələr üzrə qabaqcıl təcrübəyə malik olan iddiaçılara üstünlük veriləcəkdir.
Müsabiqələrin qalibləri səhmdar cəmiyyətlərinin əmək haqqı və onlara bərabər tutulan borcları üzrə ödənişlərin həyata keçirilməsini də təmin etməlidirlər.