MÜĞƏNNİ MİK CAGGERİ 2010-CU İL DÜNYA ÇEMPİONATINDA AZARKEŞLİK ETDİYİ YIĞMA KOMANDALARIN UDUZMASINA SƏBƏB OLDUĞUNA GÖRƏ “ÖLÜM MƏLƏYİ” ADLANDIRMIŞLAR
Bakı, 6 iyul (AZƏRTAC). Cənubi Afrika Respublikasında (CAR) dünya çempionatının oyunlarına tamaşa edən tanınmış rok musiqiçisi Mik Cagger futbol azarkeşləri tərəfindən “ölüm mələyi” adlandırılmışdır.
Məsələ burasındadır ki, “Rolling Stones”in liderinin bu dünya çempionatında bəxti gətirmir. Onun azarkeşlik etdiyi və yaxud oyunlarına tamaşa etdiyi milli yığmalar bir-birinin ardınca uduzurlar.
İyunun 26-da Cagger səkkizdə bir final görüşündə Qana yığması ilə qarşılaşan ABŞ komandasına azarkeşlik etməyi qərara almışdı. O, gülür, əl çalır və kamera qarşısında müxtəlif hərəkətlər edirdi. Lakin ABŞ yığmasının şənlənməyə halı yoxdu - komanda Qana yığmasına əlavə vaxtda (1:2) uduzmuşdu.
Bir gün sonra Mik öz ölkəsinin komandasına azarkeşlik etmişdir. Lakin bu dəfə gözünə eynək taxmış, boynuna ingilis şərfi bağlamış, əlində telefon və kamera tutmuşdur. Bu görüşdə onun həmvətənləri böyük hesabla (1:4) almanlara uduzmuşlar.
Nəhayət, iyulun 2-də Cagger Hollandiya ilə qarşılaşmada braziliyalılara (rok musiqiçisinin braziliyalı model Lusiana Himenesdən oğlu vardır) azarkeşlik etmək istəmişdir. Həmin vaxtadək “ölüm mələyi” şöhrəti artıq müğənnidə çox möhkəmlənmişdi və Braziliya azarkeşləri bundan ciddi narahat idilər. Port-Elizabet şəhərinin stadionunda Mik dizlərini yuxarı qaldıraraq boşluğa baxırdı. Lakin bu zaman onun mütəəssir olan oğlu görüşün gedişini izləyirdi. Həmin görüşdə braziliyalılar hollandlara 1:2 hesabı ilə uduzdular.
Zarafat öz yerində, lakin qarşılaşma başa çatdıqdan sonra musiqiçinin ünvanına “Heç vaxt Braziliyanın qarşılaşmalarında görünmə” kimi ifadələr səslənməyə başlandı. Azarkeşlər onu komandanın uduzmasında ittiham etmiş, növbəti gün bir neçə Cənubi Amerika nəşri isə belə başlıqlar vermişlər: “Caggerin növbəti qurbanı hansı komanda olacaqdır?”
Keyptaunda keçirilən Argentina və Almaniya yığmaları arasında dörddə bir final görüşünə Cagger aktyor Leonardo Di Kaprio ilə birlikdə baxmışdır. Bundan əvvəl verdiyi müsahibələrindən birində o demişdir ki, Diyeqo Maradonanın yetirmələrinin oyununa heyrandır və onun fikrincə Argentinanın finala çıxması yolunda komandaya heç nə mane ola bilməz. Lakin Almaniya yığması cənubi amerikalıları da meydanı başıaşağı tərk etməyə məcbur etdi.
Hələlik məlum deyildir, 66 yaşlı Cagger qalan hansı oyuna tamaşa etmək niyyətindədir. Ən maraqlısı isə onun hansı yığmaya azarkeşlik edəcəyidir.