MÜHƏNDİS PAVEL POTOTSKİNİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, martın 31-də Polşa Respublikasının Prezidenti Lex Kaçinski Bibiheybət buxtasında tanınmış Polşa mühəndisi, Azərbaycanda dənizdə neft hasilatının banisi Pavel Pototskinin məzarını ziyarət edərək əklil qoymuşdur.
ARDNŞ-in prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev Azərbaycanda neft sənayesinin, o cümlədən dəniz yataqlarından neft hasilatının tarixi, bu işdə əhəmiyyətli rol oynamış istedadlı mühəndis Pavel Pototskinin fəaliyyəti haqqında qonağa məlumat verdi. Bildirildi ki, 1901-ci ildə dünyada çıxarılan neftin yarıdan çoxu (10,75 milyon ton), Rusiyada isə hasilatın 95 faizi Azərbaycanın payına düşürdü. Hələ 1909-cu ildə Xəzər dənizinin Bibiheybət buxtasında neft mədəni yaratmaq təşəbbüsləri olmuşdu. Müxtəlif layihələr nəzərdən keçirilmiş, lakin onların heç biri reallaşmamışdı. 1922-ci ildə bu işə yenidən başlanılır və ona rəhbərlik Pavel Pototskiyə tapşırılır. P.Pototski 1919-cu ildə görmə qabiliyyətini itirsə də, çox təcrübəli mütəxəssis idi. Onun layihəsi və rəhbərliyi ilə buxtanın 300 hektar sahəsi quruduldu. 1923-cü ilin aprelində ilk quyudan gündə 800 ton neft çıxarılırdı.
Pavel Pototski özünün məhz burada dəfn olunmasını vəsiyyət etmişdi.
Onun məzarüstü abidəsində polyak, Azərbaycan və ingilis dillərində bu sözlər yazılmışdır: “Polşa mühəndisi Pavel Pototski (1879-1932). Bibiheybət buxtasını qurudaraq, dünyada ilk dəfə dənizin dibindən neft çıxarılmasına nail olmuşdur”.
Prezident Lex Kaçinski burada Polşa jurnalistlərinə müsahibə verdi.