Murmansk vilayətində Azərbaycan mədəniyyətinə və ənənələrinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 3 iyun (AZƏRTAC). Murmansk vilayətinin Monçeqorsk Mərkəzi şəhər kitabxanasında Azərbaycan mədəniyyətinə və
ənənələrinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Monçeqorsk Politexnik Kollecinin şagirdləri iştirak etmişlər.
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Azərbaycanlı Gənclər Birliyinin Murmansk regional şöbəsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, metallurqlar şəhəri olan Monçeqorskda öz ailəsi ilə birlikdə 1990-cı ildən yaşayan Azər Səfərov tədbirə qonaq kimi dəvət olunmuşdur.
Kollecin şagirdləri Azərbaycanın tarixindən danışmışlar. Təqdimat sayəsində tədbirin iştirakçıları və kitabxanaya gəlmiş qonaqlar bir növ ölkəmizin paytaxtını “gəzmiş”, onun görməli yerləri ilə tanış olmuşlar. Şəhərin müasir arxitekturası öz qeyri-adiliyi ilə uşaqları heyran etmişdir. Azərbaycanın ən hündür binaları - güzgülü Alov Qüllələri öz formasına görə üç alov dilini xatırladır.
Murmansk vilayətinin Monçeqorsk Mərkəzi şəhər kitabxanasının incəsənətə dair ədəbiyyat bölməsinin kitabxanaçısı Yelena Zotova xüsusi qeyd etmişdir ki, oğlanlar və qızlar Azərbaycanda toy ənənələri barədə söhbəti maraqla dinləmişlər. Azərbaycanın çay ənənələri də diqqətdən kənarda qalmamışdır. Bildirilmişdir ki, bu ölkədə yeməkdən əvvəl süfrəyə çay gətirilir. Azərbaycanlıların fikrincə, çay söhbət zamanı səmimi ünsiyyət əhval-ruhiyyəsi yaradır. Buna görə də təəccüblü deyil ki, Lənkəranda samovar və armudu stəkanda çay abidəsi vardır.
Uşaqların şərq şirniyyatına - şəkərbura-paxlavaya qonaq edilməsi onlar üçün xoş sürpriz olmuşdur. Bunlar Novruz bayramının nemətləridir.
Tədbirin sonunda iştirakçılar Müslüm Maqomayev və Polad Bülbüloğlu kimi tanınmış Azərbaycan müğənnilərinin yaradıcılığını xatırlamışlar. Oğlan və qızlar milli musiqini - Azərbaycan mahnılarını dinləmişlər. “Eurovizion - 2013” müsabiqəsində ikinci yeri tutmuş Fərid Məmmədovun çıxışı isə uşaqların alqışları ilə qarşılanmışdır.