Müsəlman Şərqinin 103 yaşlı multikultural ölkəsi – demokratik Azərbaycan
Bakı, 28 may, AZƏRTAC
Bu günlərdə Azərbaycan öz tarixinin ən əlamətdar günlərindən birini - Müsəlman dünyasında parlamentar idarəetmə formasına sahib ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünü qeyd edir.
Bu, Azərbaycan xalqının tarixində olan birliyi xatırladan ən parlaq səhifələrdən biridir. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib Yusifbəyli və başqaları tərəfindən yaradılan Cümhuriyyət öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Ölkədə yaşayan bütün xalqların və siyasi partiyaların, eləcə də bütün etnik və dini qrupların parlamentdə təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi. Parlamentdəki sözü gedən yüksək təmsilçilik şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi idi. 23 ay ərzində Xalq Cümhuriyyəti hökuməti bir sıra qanunlar qəbul edib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirib. Yeni qurulmuş Cümhuriyyətin atdığı ilk addımlar isə xalqın savadlanması və təhsilin arzuolunan səviyyəyə çatdırılması idi. Bu istiqamətdə ilk addım isə 1919-cu ildə Bakı Dövlət Universitetinin və bir çox digər təhsil müəssisələrinin yaradılması oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib. Deputat bildirib ki, 28 may yalnız Azərbaycan xalqı üçün yox, demokratik və respublika dəyərlərini qeyd edən bütün ölkələrdə və regionda əhəmiyyətli bir tarix olmalıdır. Cümhuriyyətin öz inkişafı yolunda özünə bələdçi etdiyi dəyərlər bu gün də dünyanın çatmaq istədiyi qlobal hədəflərin əlamətləridir.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə əsaslanan Cümhuriyyət cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu. Amma bununla belə xalqın istiqlal arzusu ölmədi.
XX əsrin sonlarında sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən müstəqillik qazandı və özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı Azərbaycan Respublikasının müasir tarixinə əbədi həkk olundu.
Bir daha qeyd etmək lazımdır ki, Ümummilli Liderin adı müasir Azərbaycanın qurucusu kimi Azərbaycan xalqının milli şüuruna həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli özünüdərkin formalaşmasının təməlini qoydu və bu, bir daha təsdiqlədi ki, insanlar və güc birliyi sarsılmazdır, əbədidir və möhkəm təmələ söykənir.
2003-cü ildən etibarən Prezident İlham Əliyev çoxmədəniyyətli dəyərləri və tolerantlığı prioritet hala gətirdi və Azərbaycan Xalq Cümhuriyyətinin mirası olaraq dünyada keçirilən beynəlxalq forumların və tədbirlərin müəllifi oldu. Bu gün Azərbaycan milli və etnik azlıqlardan əlavə bütün dinlərin nümayəndələri arasında dinc, tolerant və çoxmədəniyyətli, bir arada yaşamaq ölkəsi olaraq danışmaqda israrlıdır və bu tolerantlıq modelinin bütün dünyada təşviq edilməli olduğuna inanır.
Bu yaxınlarda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 30 ildən sonra Azərbaycanın azad edilmiş torpaqlarında Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalı çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqiləri "Azərbaycan musiqisindəki multikulturalizm" adı altında təqdim edildi. Bu, çoxmədəniyyətliliyin bariz əlamətidir.
Ölkəmiz gələcəkdə də ayrı-ayrı və bütün dünyada müxtəlif dinlərin, millətlərin nümayəndələrinin mədəni müxtəlifliyini qorumağı, inkişaf etdirməyi və uyğunlaşdırmağı hədəfləyir. Bu istiqamətdə bütün səylər öz növbəsində dayanıqlı cəmiyyətin və davamlı gələcəyin yaradılmasına gətirib çıxaran “2030 Gündəliyi”nin uğurla icrasında öz töhfəsini verəcəkdir.