Musiqi məktəbinin “Əməkdar müəllim” adına layiq görülən əməkdaşlarına mükafatlar təqdim edilib
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Əməkdar müəllim” adına layiq görülən əməkdaşlarına mükafatlar təqdim edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidentinin rəhbərliyi ilə son illərdə təhsil sahəsində mühüm islahatların həyata keçirildiyini və böyük uğurlar əldə edildiyini diqqətə çatdırıb. Nazir müəllimlik peşəsinə marağın artdığını, müəllim əməyinin ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini bildirib.
Təhsil naziri Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən və təhsil müəssisəsinin yetirmələrinin uğurlarından söz açıb. Qeyd edilib ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Valentina Kraynova, Ülviyyə Manafova və Səadət Səttarovaya “Əməkdar müəllim” fəxri adı verilib.
Nazir mükafatları təqdim edərək fəxri ad alan müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.