Müstəqil Azərbaycanın tarixi nailiyyətləri Pakistanda keçirilən tədbirdə diqqət mərkəzində olub
İslamabad, 19 oktyabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyinin Pakistan-Azərbaycan Media Forumu ilə birgə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil etdiyi tədbirdə Pakistanın ictimai-siyasi xadimləri, elm, mədəniyyət adamları, jurnalistlər iştırak ediblər.
Pakistan-Azərbaycan Media Forumunun sədri, jurnalist Raja Cavid Əli Batti Azərbaycanının Dövlət Müstəqilliyi Günü haqqında məlumat verib. O, böyük siyasi xadim Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu barədə söhbət açıb.
Qeyd edilib ki, Azərbaycan 1918-ci ildə müstəqillik əldə etsə də, xarici müdaxilə və bir sıra daxili amillər səbəbindən onu qoruyub saxlamaq mümkün olmayıb. Müstəqilliyin qorunması onu qazanmaqdan daha çətindir. Forumun sədri, həmçinin 20 Yanvar faciəsi və Xocalı soyqırımı, Azərbaycan xalqının fədakarlığı və azadlıq əzmi haqqında danışıb.
Tanınmış siyasi xadim, Pakistanın sabiq xarici işlər katibi Əkrəm Zəki müstəqilliyin qazanılmasından sonrakı mərhələdə onun beynəlxalq aləmdə qəbul etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O deyib ki, Azərbaycan 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvü olub, hazırda dünyanın 160-dan artıq ölkəsi ilə diplomatik əlaqələri var.
Qeyd olunub ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına düşüb.
Pakistan Dövlət Kəşfiyyatının Koordinasiya direktoru, polkovnik Muştaq Qureyşi xatırladıb ki, Azərbaycan Ali Soveti 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Sənəddə etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının bərabərliyinə təminat verilib.
İslamabadda urdu dilində çap edilən “Əl Qəmər” və ingilis dilində dərc olunan “State Times” qəzetlərində tədbirlə bağlı materiallar verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad