REGİONLAR
Muxtar respublikada 57 fəal gənc müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb
Naxçıvan, 3 fevral, AZƏRTAC
Muxtar respublikada dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində, könüllülük fəaliyyətində, nümunəvi hərbi qulluqda, mətbuatda, təhsildə, səhiyyədə, incəsənətdə, bank sektorunda, ümumilikdə, ictimai işlərdə xüsusi fəallıq göstərən 57 gənc müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir 2 fevral - Gənclər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Duzdağ” hoteldə baş tutub.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə və eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin, bu sahədə görülən işlərin, gənclərə göstərilən diqqət və qayğının nəticəsində, gənc nəslin nümayəndələri cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Bugünkü gənclik daha dinamik, müasir, bilikli və dünyagörüşlüdür. İstər fiziki, istərsə də intellekt və ideologiya cəhətdən sağlam gənclik modeli formalaşdırılıb. Qürurla deyə bilərik ki, müasir gənclərimiz ümummilli lider Heydər Əliyevdən bizə miras qalan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək fəaliyyətini məhz ali prinsiplər üzərində qurur. Bir daha şahidi olduq ki, gənclərimiz Vətən uğrunda, hətta həyatını belə, fəda etməyə qadirdir. 44 günlük Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan gənci istər döyüş meydanında, istərsə də arxa cəbhədə böyük mübarizə əzminə malikdir. Bütün bunlar xalqımızın milli dəyərlərə bağlılığı və dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin bəhrəsidir.
Nazir qeyd edib ki, Gənclər Günü muxtar respublikada ənənəvi olaraq geniş şəkildə qeyd edilir, bu münasibətlə müxtəlif tədbirlər təşkil olunur, muxtar respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən gənclərin fəaliyyəti dövlətimiz tərəfindən mükafatlandırılır. Məqsədimiz onları daha da həvəsləndirmək və onlara stimul verməkdir. Əminik ki, gənclərimiz bundan sonrakı dövrdə də bilik, bacarıq və istedadları ilə fərqlənəcək, ölkəmizin inkişafına öz töhfəsini verəcəklər.
Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev diqqətə çatdırıb ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatçısı gənclərdir. Tarixdən də şahidi olmuşuq ki, istər torpaqlarımızın müdafiəsində və müstəqillik uğrunda mübarizədə, istərsə də ölkəmizin beynəlxalq arenada idman, təhsil, musiqi sahələrində tanınmasında gənclərimizin rolu əvəzsiz və danılmazdır. Bu gün Azərbaycan gəncliyi hər bir sahədə öz sözünü deməyi bacarır. Bu mənada, qeyd etmək yerinə düşər ki, ölkəmizdə gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdən ibarətdir. Bu sahədə də muxtar respublika rəhbərinin xüsusi diqqət və qayğısı ilə böyük addımlar atılır və gənclərimizin hər bir sahədə fəallığının təmin olunması üçün geniş imkanlar yaradılır. Cəbi Quliyev çıxışının sonunda gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlar üçün yaradılan şəraitə və göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov, fəal gənc Abutalıb Ağa Kəngərli çıxış edərək muxtar respublika gənclərini Gənclər Günü münasibətilə təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar, müvəffəqiyyətlər arzu edib.
Daha sonra mükafatlandırma mərasimi keçirilib.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı ilə başa çatıb.