Muxtar respublikanın 147 məktəblisi müsabiqənin final mərhələsinə vəsiqə qazanıb
Naxçıvan, 6 may, AZƏRTAC
Ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında keçirilən məktəblilərarası fənn müsabiqələrinin I mərhələsinin nəticələri elan olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq keçirilən müsabiqədə muxtar respublikanın 147 məktəblisi final mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin final mərhələsinin may ayının sonunda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilən müsabiqənin I mərhələsində muxtar respublikadan, ümumilikdə, 470 şagird öz bilik və bacarıqlarını nümayiş etdirib.
Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlaşdırmaqdan ibarət olub.