REGİONLAR
Naftalanda xarici turistlər arasında keçirilən sorğunun nəticələri açıqlanıb
![](/files/galleryphoto/2023/1/1200x630/16776789922338737024_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677678992362759924_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776789926455140982_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677678992642276558_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776789926413136954_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776789923776525399_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776789921982953130_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776789925601716658_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776789926435141202_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776789922130746272_1200x630.jpg)
Naftalan, 1 mart, Elcan Məmmədov, AZƏRTAC
Naftalanda turizm xidməti keyfiyyətinin yüksəldilməsi, turist məmnunluğunun təmin edilməsi məqsədilə hotel və müalicə mərkəzlərində turistlər arasında Azərbaycan, rus və ingilis dillərində rəy sorğusu keçirilib, respondentlərdən alınan cavablar əsasında hesabat hazırlanıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fevral ayında keçirilmiş sorğunun nəticəsinə əsasən, “Hansı mövsümdə istirahət etmək uyğundur” fikrinə 60 faiz payız-qış mövsümünün uyğun olduğunu qeyd edib, bunun səbəbini həmin mövsümlərdə qonaq sıxlığının olmaması ilə əlaqələndiriblər.
Sorğunun nəticələrindən məlum olub ki, sorğu iştirakçılarının 40 faizi dayaq hərəkət, 30 faizi revmatizm, dəri və uroloji xəstəliklərin müalicəsi üçün gəlib.
Həmçinin “Naftalanda neçə gün qalmağı planlaşdırmısınız” sualına respondentlərin 80 faizi 7-14 gün arası qalmağa üstünlük verdiklərini qeyd ediblər.
Hotel və müalicə mərkəzlərindəki qiymətlərlə razıyam deyənlər 89 faiz təşkil edib.
Ümumilikdə sorğunun nəticəsindən aydın olub ki, bu gün Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmış, şəhərin infrastrukturundan, abad, təmiz və səliqəli saxlanılması fikrinə çox yaxşı və yaxşı cavabı 94 faiz olub.
Sorğuda şəhərdə istirahət və müalicə alan 100-ə yaxın yerli və xarici turist iştirak edib. Respondentlərin 43 faizini Qazaxıstan, 35 faizini Rusiya, həmçinin Estoniya, Litva, Özbəkistan, Belarus və Avstraliyadan gələnlər təşkil edib. Qonaqların 40 faizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından, 8 faizi isə Gəncə Beynəlxalq Hava Limanından istifadə edərək Naftalana üz tutublar.
Sorğu iştirakçıları müalicə aldıqları hotelin yüksək xidmət səviyyəsindən, həm də müalicənin keyfiyyətindən məmnunluqlarını bildirməklə yanaşı, personalın xarici dil biliklərinin səviyyəsinin artırılmasını, həmçinin asudə vaxtlarının daha səmərəli keçməsi üçün şəhərdə ticarət və əyləncə mərkəzinin olmasının və bəzi turizm obyektlərində təqdim olunan xidmət növlərinin artırılmasının vacibliyini qeyd ediblər.