NAHAR SÜFRƏSİ ARXASINDA İŞGÜZAR SÖHBƏT
Oktyabrın 3-də “Hyatt Park” hotelində Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqanın Azərbaycanın Baş naziri Artur Rasizadə ilə nahar süfrəsi arxasında işgüzar söhbəti olmuşdur.
Latviyanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə dünən axşamdan başlanan ilk görüşlərinin onda olduqca xoş təəssürat yaratdığını söylədi, Bakının xeyli gözəlləşib inkişaf etdiyini vurğuladı, ölkəmizə gəldiyi andan gördüyü qonaqpərvərliyə görə respublika rəhbərliyinə təşəkkürünü bildirdi.
Ali qonaq Azərbaycan hökumətinin fəaliyyəti, strukturu, ölkəmizin mövcud iqtisadi potensialı, inkişaf perspektivləri, hazırda həyata keçirilən layihələrlə, beynəlxalq proqramlarla maraqlandı.
Baş nazir Azərbaycanda latış xalqına qarşı həmişə yüksək münasibət bəsləndiyini, hər iki xalqı tarixən birləşdirən amillərin, iqtisadi-mədəni əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu vurğuladı.